SƏNİ AXTARIRAM
Köçüb qonşuluqdan hayana getdin?
Kəpəzmi, Qoşqarmı oldu məskənin
Yoxsa onlardan da o yana getdin?
Qoynunda dəfinə tapdığın zaman
Ucaltdı dağ boyda hansı dağ səni?
Nərgiz rəng aldımı yanaqlarından
Öpəndə nərgizli bir yaylaq səni?
Görəsən, bu soraq düşdümü elə:
“Yamanca şöhrətli mühəndisdir o!”
Eşqin hansı qəlbi gətirdi dilə?
Kim dedi ilqara, əhdə düzdür o?
Gözümdən getməyir camalın sənin,
Köçüb qonşuluqdan hayana getdin?
Kəpəzmi, Qoşqarmı oldu məskənin
Yoxsa onlardan da o yana getdin?
Səni axtarıram o gündən bəri,
Axı açmamışdım sənə könlümü.
Yaz gəldi, açıldı bahar gülləri,
Mənsə açmamışam yenə könlümü.
Bəzən tüfəng alıb çıxsam da düzə,
Ceyran oylağından aralı gəzdim.
Ovçu ov axtarar, ovçu ov gəzər,
Mən məni ovlayan maralı gəzdim.
Bəzən ac qayıtdım evə də, amma
Bir tikə çörəyi yeyə bilmədim.
Bütün sirlərimi bilən anama,
Məhəbbət sirrimi deyə bilmədim...
Bəli, axtarıram səni o gündən,
Könlüm istəyəni görə bilmirəm.
Qəlbimi özünlə aparmısan sən,
Mən onu heç kəsə verə bilmirəm...
1956.
NƏNƏMİN KİTABI
Gözümdən getməyir camalın sənin,
Köçüb qonşuluqdan hayana getdin?
Kəpəzmi, Qoşqarmı oldu məskənin
Yoxsa onlardan da o yana getdin?
Qoynunda dəfinə tapdığın zaman
Ucaltdı dağ boyda hansı dağ səni?
Nərgiz rəng aldımı yanaqlarından
Öpəndə nərgizli bir yaylaq səni?
Görəsən, bu soraq düşdümü elə:
“Yamanca şöhrətli mühəndisdir o!”
Eşqin hansı qəlbi gətirdi dilə?
Kim dedi ilqara, əhdə düzdür o?
Gözümdən getməyir camalın sənin,
Köçüb qonşuluqdan hayana getdin?
Kəpəzmi, Qoşqarmı oldu məskənin
Yoxsa onlardan da o yana getdin?
Səni axtarıram o gündən bəri,
Axı açmamışdım sənə könlümü.
Yaz gəldi, açıldı bahar gülləri,
Mənsə açmamışam yenə könlümü.
Bəzən tüfəng alıb çıxsam da düzə,
Ceyran oylağından aralı gəzdim.
Ovçu ov axtarar, ovçu ov gəzər,
Mən məni ovlayan maralı gəzdim.
Bəzən ac qayıtdım evə də, amma
Bir tikə çörəyi yeyə bilmədim.
Bütün sirlərimi bilən anama,
Məhəbbət sirrimi deyə bilmədim...
Bəli, axtarıram səni o gündən,
Könlüm istəyəni görə bilmirəm.
Qəlbimi özünlə aparmısan sən,
Mən onu heç kəsə verə bilmirəm...
1957
QARANQUŞ
Əsdi vədə yeli...yaz müjdəsilə
Qondun eyvanıma yenə, qaranquş!
Mən sənin eşqinlə gəlirkən dilə,
Uçmağın dərd oldu mənə, qaranquş!
Bir zaman yuvanı uçurmuşam mən,
Bəlkə də, bəlkə də o yadındadır.
Dilin yox, dərd açıb söz söyləyəsən,
Dilin də, sözün də qanadındadır.
Bəzən əlində şiş, çiynində yaba
Uşaqlar yanıma yığıldı, ay quş!
On günə, bir aya tikdiyin yuva
Bircə an içində dağıldı, ay quş!
Yelləmi, selləmi keçdi ötən gün?
O, bəlkə ötəri şimşək səsiydi.
Sənin öz yuvandan ayrı düşməyin
Mənimçün bir uşaq əyləncəsiydi.
Bəlkə bu halımdan incidi dağ-daş
Bunu öz vaxtında duya biləydim.
Bir günlük uşaqlıq günahmı, kaş
Bütün ömrüm boyu yuya biləydim.
Bilmədim o günün ani nəşəsi
Mənə dərd olacaq ömrüm uzunu.
Bəlkə ev qayğısı, övlad nəfəsi
Olmasa indi də duymazdım bunu.
Eh, xəyal nələri gətirir yada...
Yeni müjdən ola mənə, qaranquş!
Körpəlik gülüşüm qanadlarında
Bircə gün geriyə dönə, qaranquş!
Vaxt olur cansızdan can umur insan-
Adi təsəllidir, bunlar da ancaq.
Uçan körpəliyim, uçulan yuvan
Onsuz da geriyə qayıtmayacaq.
Gəl yenə yuva qur doğma yerində,
Könlüm həsrətinlə dindi, qaranquş!
Ta uçma, çəkinmə məni görəndə,
Mən uşaq deyiləm indi, qaranquş!
1957.
AĞARMA, SAÇIM, AĞARMA!
Nə erkən sənə dən düşdü,
Niyə düşdü, nədən düşdü?
Beynimmi qüvvədən düşdü?
Ağarma, saçım, ağarma!
Arzu sonsuz, ömür yarı...
Artdı alnın qırışları,
Səndə insaf olsun barı
Ağarma, saçım, ağarma!
Məni qəmgin görsə əgər
Düşmən gülər, dost qəm yeyər,
Qızlar baxıb “dayı” deyər,
Ağarma, saçım, ağarma!
Daşdır qəlbin, daşdır canın,
Yoxdur, duyğun, yoxdur qanın.
Hələ gəncəm, sən vicdanın
Ağarma, saçım, ağarma!
Ömür keçir, yaman keçir,
Qəlbimdən qara qan keçir.
Daha gözəllər yan keçir,
Ağarma, saçım, ağarma!
Hələ səsim ucalmayıb,
El gücündən güc almayıb.
Hələ ürək qocalmayıb
Ağarma, saçım, ağarma!
İlham adlı şahpərim var,
Yol üstəyəm, səfərim var...
Yazılmamış əsərim var...
Ağarma, saçım, ağarma...
1957.
İŞIQLAR
Sahil boyu yanır kəndin işıqları,
Tala-tala kölgə salır suya çinar.
Əyildikcə göy budaqlar suya sarı,
Elə bil ki, salam verir çaya çinar.
Dayanmışam o çinarın dibində mən,
Nəzərlərim ayrılmayır kəndimizdən.
Enir, qalxır ağ sırğalı göy dalğalar,
Bu sahildə neçə-neçə xatirəm var.
Güc eləyib, kəmənd atdıq sel gücünə,
Çay üstündə bir “hes” tikdik el gücünə,
Əlimizlə işıq oldu gur şəlalə,
Otaqlara sanki doldu nur şəlalə...
Alqışladı zəhmətimi hamı o vaxt,
Gül gətirdi qızlar mənə qucaq-qucaq.
Uşaqlar da gözlərində sevinc hissi,
Çağırdılar məni: “işıq mühəndisi”.
Həmin günlər axıb getdi sular kimi,
Yaşa doldum, boy atdım o çinar kimi.
O günləri yad edirəm indi yenə,
Gənclik səsi bürümüşdür kəndi yenə.
Həmin səslər sanki deyir mühəndisə:
“Sən gərəksən, çox gərəksən hələ bizə.
Hələ işıq çəkəcəksən tarlalara,
Töhfələrin yenə vardır, bu diyara...”
Salam verib el gücünə, el səsinə,
Sinəm dönür qranit dağ sinəsinə.
Ağ evlərə ağ işıq tək axıram mən,
Kəndimizə bir gənc kimi baxıram mən.
Canlı sənət, canlı əsər heç solarmı?
Əməlləri işıq olan qocalarmı?
1957.
KƏNDDƏ BİR AXŞAM
Sevirəm sevməli sözü, söhbəti,
Bu axşam çox adam yığılıb bizə.
Neçə qəhrəmanın adı, şöhrəti
Gəlir nağıllarla məclisimizə.
Budur, sinədəftər qocalar yenə
Enir tarixlərin dərinliyinə...
Kimi Koroğludan, kimi Babəkdən,
Kimi də Gülgəzdən, Abbasdan deyir:
Sözlər bulaq kimi axır ürəkdən,
Hər qoca bir nağıl, bir dastan deyir...
Aşıqdan danışan aşıqdır sanki,
Coşur şair kimi şairdən deyən.
Bir qoca, Tomrisdən elə deyir ki,
Sanırsan evində qonaqmış dünən.
(İndi duyuram ki, el ürəyində
Neçə duymadığım əsərlər yatır.
Bəlkə də onunçün şerə, sənətə
Əlim az yetişir, ünüm az çatır).
Belə axşamlarda adətdir, hər kəs
Gərək söhbət aça, danışa, dinə.
Pəncərə yanından ucalan bir səs
Məclisə xoş söhbət gətirir yenə:
-Ə, Qədir, keçmişdən bir əl çəksənə,
Qarnı ac gününmü dad verir sənə?
Bu gündən, bu gündən bir danış görək.
Bu gün qazanılır yediyin çörək,
De, o adamqıran atomdur, nədir...
-A kişi, o böyük bir xəzinədir.
Deyirlər, bir tikə qoysan bir dağa
Əriyib çevrilər qara torpağa...
-Görəsən, əriyər “Gəlin qayası”?
Yerində dağ ola taxıl tayası?
-Yayda İşıqlının qarı hayıfdır,
Ona dəyməyələr barı, hayıfdır...
-Bir ovuc İşıqlın kimə gərəkdir,
O, buz dağlarını əridəcəkdir.
-Qardaş, mat qalmışam bu texnikaya,
Aya uçacaqlar deyirlər, Aya.
(Diksinir bu sözdən gödək Fərzəli,
Baxır ona tərəf üzündə əli).
-Yox, ə, inanmıram, bu ola bilməz,
Bəs Aya dəysələr uçub tökülməz?
-Ay sənin babanın daxmasıdır, ə,
Külək əsməmişdən sovrula göyə?
Deyirlər, bir yekə dünyadır o da,
Bəlkə adamlar var sənin boyda da...
-Dədən cır Kərimdən boysuzam, yəni,
Yovşandan asardı ov tüfəngini...
Onların sözündən gülüşür hamı,
Daha da qızışır söhbət axşamı.
Kəndin adətindən yaxşı halıyam,
Mən də bu məclisdə danışmalıyam.
Hanı o qüdrətim el arasında,
Bir damla su nədir sel arasında?
Bəlkə də hər sözüm quruca səsdir,
Bir kəlmə deməmiş, deyirlər “bəsdir”.
Bir də ki, bu gecə mənə gərəkdir,
Sabah başqa söhbət keçiləcəkdir,
Odur ki, duraraq bu gecəliyə
Məclisdə təzə bir adət açıram.
Artıq gecə keçir, yorğunuq -deyə,
Şirin bir yuxudan söhbət açıram.
Deyirlər:- Bəs niyə danışmadın sən,
Niyə tüstüləndin, alışmadın sən?
Yoxsa çevrilərək axarsız suya,
Əbədi yar dedim yatağıma mən.
Yox, verib onları şirin yuxuya,
Keçdim yazmaq üçün otağıma mən...
1956.
QONŞU GƏLİNİ
Qarşı pəncərənin önündə bəzən
Durub sevgilini gözləyəndə sən,
Alır qucağına xəyallar məni,
Rahat buraxmayır suallar məni.
İnsan da bu qədər cüt yaranarmış
Həyatın nə incə sirləri varmış!
Baxıram, elə bil üzü üzündür,
Baxışı baxışın, gözü gözündür...
Bəlkə görməmisən həmin qızı sən,
Nə ola görəsən toyumuzu sən!
Hörmətlə sıxaram onda əlini,
Ay qonşu gəlini, qonşu gəlini...
Həyatın nə incə sirləri varmış,
İnsan da bu qədər cüt yaranarmış...
Lakin qısqanclığın üzü yamandır,
Sevgilin küsməsin məndən, amandır...
Mən sənə baxmıram gözəlsən,- deyə,
Demirsən, bəs niyə baxıram, niyə?
Ay qonşu gəlini, mən utanıram
Deyəm sənə:- Baxıb onu anıram.
1955.
GÖRÜŞMƏMİŞ DOSTLAR
Gecə vaxtı Böyükdüzdən.1
Tələsik də keçsən əgər,
Qəlbin sənə bir anlığa
“Qəlbsiz olma, dayan”- deyər.
Yaxşı baxsan sahil boyu
Mürgüləyən lal gecəyə,
Görərsən ki, bir vadidə
İki ocaq salmış iki
xal gecəyə.
Görərsən ki, sol sahildə
Bizim kəndin baş çobanı
Əmir dayı
Ocağına dəm verərək,
Elə bil ki, göndərir o
Öz dostuna alov payı...
O taydakı dostu isə
Dirsəklənib dövrəsində
Alovlanan ocağının,
Tütək çalır dalğın-dalğın...
O çobanlar neçə ildir
Görüşmədən dost olmuşlar,
Yaylımları bir başlanar,
Ocaqları bir alışar.
Birisinin arxacına
Qurd təpilsə gecə yarı,
O birinin itləri də
Hücum çəkər çaya sarı.
İki sürü bir sulanır
İki dostu ayrı salan
Lilli çaydan.
Həzin tütək səsləriylə
Salam verir bir-birinə
O, o taydan, bu, bu taydan...
Bəzən yayır tütəkləri
Araz boyu Araz kimi
İki qəlbin nidasını.
Bəzən onlar bir çalırlar
“Gəl ey bənək” havasını...
Yaz olanda hər ikisi
Sürüsünü dağa çəkir,
Bir vadidən biri sola,
O birisi sağa çəkir.
Qış olanda sahil boyu
Bir qışlağa enir onlar.
Xan Arazdan biri sağda,
Biri solda tutur qərar.
Yenə hər kəs tütəyində
Söhbət açır yaylağından-
Savalanın dumanından,
Salvartının qaymağından...
Biri deyir qəhrəmanlıq
Nişanıyla dönmüşəm mən,
Biri deyir, nişanını
Dərd asıbdır ürəyimdən.
Birisinin otardığı
El vardatı, el malıdır.
Birisinin var-dövləti
Yalnız fikri, xəyalıdır.
Lakin ürək deyənləri
Tütək açıb deyə bilmir.
Bəlkə dostlar bir-birini
Bir dost kimi duya bilmir.
Neçə ildir bir vadidə
Görüşməmiş dostdur onlar.
Ürəkləri bir olsa da,
Aralıqda bir olmayan
Geniş dövlət sərhəddi var.
Hərdən deyir mənə ürək:
“Dostlar nə vaxt görüşəcək?”
Mən onların görüşmədən
Dostluğundan dedim ancaq.
Onların ilk görüşünü
Tarix özü danışacaq.
1956.
SƏHƏR-SƏHƏR
Baharın nə gözəl çağları gəlmiş,
Bülbülü çağırır gül səhər-səhər.
Vətənin eşqiylə dil açıb yenə
Könlümün sazında tel səhər-səhər.
Çıxır meşəlikdən talaya əlik,
Səkir daşdan daşa xınalı kəklik.
Şehdən muncuq düzür güllük, çiçəklik,
Gəlinə bənzəyir çöl səhər-səhər.
Gedirəm tələsik tarlaya sarı,
Hamıdan tez gələ o qız da barı.
Sinəsi qartallı qayalıqları
Əks edir sonalı göl səhər-səhər.
Sevda yolçusunun xəyalına bax,
Sənsiz əfsanədir gözəllik ancaq.
Ey günəş üzlü yar, günəşdən qabaq
Yoluma nur çilə, gəl səhər-səhər.
1957.
DƏNİZÇİ
Dedilər: -- “Dincəlmək vədəndir artıq,
Daha qocalmısan, təqaüdə çıx.
Qoca dənizçinin qaraldı qanı,
Fikrinə boranlar, yellər qarışdı.
Dəniz qasırğası, dəniz tufanı
Onu bu söz qədər sarsıtmamışdı.
Oturub gəminin göyərtəsində,
Əlini dizində daraqladı o.
Sanki göy dənizin göy sinəsində
Keçən qırx ilini varaqladı o.
Qəlbində gəncliyin ilk arzuları,
Min dəfə duruldu, bulandı bu dəm.
Qırx il dolandığı mavi suları
Onun xəyalları dolandı bu dəm.
Çırpındı ürəyi, titrədi əli,
Hanı fırtınalı su yaran çağı?
Sahildən-sahilə neçə gözəlin
Qəlbini özüylə aparan çağı?!
Axan su, ötən gün qayıtmaz geri,
Bu sirri babalar danışdı getdi.
Bəlkə də o coşğun gənclik illəri
Coşqun dalğalara qarışdı getdi.
Dalğalar qoynunu tərk etdi qoca
Əbədi əlvida demədi ancaq.
Dedi: -- Mən dünyadan ayrılmayınca,
Ürəyim dənizdən ayrılmayacaq.
Dayandı sahildə hər axşam-səhər,
Qoca eşqə gəldi, ilhama gəldi.
Elə bil dil açıb dilsiz ləpələr
Köhnə sirdaşını salama gəldi.
Onu uzaqları çəkdikcə xəyal,
Sevinc də duyurdu, qəm də yeyirdi.
Fəzalara uçan bir qoca qartal
İndi uçanları seyr eləyirdi.
Qopdu qasırğa da, pülədi qar da,
Səslədi qocanı hər səda, hər səs.
Yox, onu dənizdən ayırsalar da,
Sahildən ayıra bilmədi heç kəs.
1958.
KƏKLİK
Nə səkirsən narın-narın
Yenə daşdan-daşa, kəklik?
Könlüm istər nəğmən kimi
Bircə nəğmə qoşa, kəklik!
Sinən altı sal qırmızı,
Ayaqların al qırmızı.
Dimdiyində xal qırmızı
Yanar qoşa-qoşa, kəklik!
Niyə təksən, danış əzəl,
Dağlar qızı, xallı gözəl...
Bir vəfalı yar ilə gəl
Vuraq ömrü başa, kəklik!
Dağlar qoynu çiçək-çiçək,
Mən gedirəm, getmir ürək.
Uç Məmmədin xəyalı tək,
Bu dağlarda yaşa, kəklik!
Şah yaylağı,
iyul, 1956.
PALID
Sevgilim, o qoca palıda bir bax,
Yenə puçurlayıb onun budağı.
Yadına gəlirmi iki il qabaq
O ilk görüşümüz, o bahar çağı?
Durmuşduq dibində o palıdın biz,
Ətrafda min rəngli çiçək var idi.
Çırpınan, titrəyən bizim qəlbimiz,
Bir də o palıdın yarpaqlarıydı.
Görüb neçə bahar, qış havasını,
Durur qoca palıd bir xatirə tək.
Min yol dəyişsə də, o libasını,
Bizim ilk sevgimiz dəyişməyəcək!
1955.
AYRILIQ
De niyə dalğınsan, dərdin var kimi,
Alıb qucağına fikirlər səni?
Ötən tələbəlik illərinəmi
Şirin xatirələr çəkirlər səni?
Sevdiyin o qızmı düşür yadına?
Nədənsə ilk eşqi unutmur insan.
Utancaq bir səslə bəlkə də ona
Könül açdığını xatırlayırsan?
Söylə, ayrılığı duyurmu ürək?
Axı biz ayrılmaz sirdaşlar idik.
(Bir məslək yolunda birləşdirərək,
Sən bizi dost etdin, ey tələbəlik!)
Dostum, institutun pillələrində
Mənim də, mənim də izlərim vardır.
Gəzdiyin bu zalın lövhələrində
Hələ silinməmiş sözlərim vardır.
Bəzən mürgüləmiş gecənin özü,
Mən sirdaş olmuşam öz xəyalıma.
Ələyib seçmişəm neçə min sözü,
Cavab tapmaq üçün bir sualıma.
Hərdən düşündükcə çatılır qaşım,
Təhsil illərinin başqadır dadı.
Bu illər ərzində, ey qəlb yoldaşım,
Bizim bir sözümüz ayrı olmadı.
(Bəxtiyar olaram öz istedadım
O gündən bir lövhə yarada bilsə.
Toz-duman içində qoy itsin adım,
İlhamım bir şerə qadir deyilsə.)
Böldük duyğumuzu, şadlığı, qəmi,
Bir oldu fikrimiz, əməllərimiz.
Bu gün, məslək dostu, könül həmdəmi,
Artıq vidalaşır dost əllərimiz.
Duyub ayrılığı çırpınır ürək,
Axı biz ayrılmaz sirdaşlar idik.
(Bir məslək yolunda birləşdirərək
Sən bizi dost etdin, ey tələbəlik!)
Dostum, düşünmə ki, ayrılırıq biz,
Doğrudur, gün gəlib ötüşəcəkdir.
Bir məna daşıyan saf əməlimiz
Həyat məktəbində görüşəcəkdir.
1954.
ŞERİM
Gənc qələm yoldaşlarıma.
Yaş ötüb, ayılıb görürsən bir vaxt
Heç nə yazmamısan, ömür yarıdır.
Alnına yazılan qırışlar ancaq
Ömrünün şikayət misralarıdır...
Tələsik qələmi alırsan ələ,
Ürək də titrəyir əllərin kimi.
Lakin görünürsən Vətənə, elə
Sən də yazılmamış əsərin kimi.
Bəzən quşa dönür saat da, an da.
Axşam gəzdiyini səhər tapırsan.
Elə də olur ki, baxtın tutanda
Daş axtaran yerdə gövhər tapırsan.
Kainat deyimmi mən şerə, sözə!--
Onun min düyünü, min açarı var.
Onu duya bilməz ondakı közə
Qəlbində köz töküb alışmayanlar.
Bəli, duy bunları, ey şair yoldaş,
Səsini kəsməsin hər ötəri səs.
Nəhrin qabağına atılan bir daş,
Onun sürətini saxlaya bilməz!
Duy ki, tüğyanında boranın, qarın
Odlu bir ürəklə yazan olubdur.
Çox zaman nəşədən dəm vuranların
Əsəri, nəşələr pozan olubdur.
Söz gərək ox keçməz qayadan keçə,
Yoxdursa sözünün kəsəri,-- yazma,
Özün sevməyincə, sevilməyincə,
Özgədən məhəbbət əsəri yazma.
Eyb etməz uçuşda yıxılsan bir an,
Təki deməsinlər qanadsız quşdur.
Göyləri fəth edən bir ana tərlan
Kim deyir balaykən yıxılmamışdır.
Şerim, çox danışdım, deyəsən, bir az,
Sən niyə susmusan, -- danışan mənəm?
Yox, şer ocağı alovsuz olmaz
Alışdıran sənsən, alışan mənəm.
Şerim, el sazında mizrab vur telə,
Onsuz da ötəri ötən az deyil...
Özləri dünyadan getməmiş hələ
Adları dünyadan gedən az deyil.
Elin nəfəsidir ən böyük əsər,
Duysam da, özümü öyə bilmərəm.
Yüz bülbül səsi də mənə versələr,
Elsiz bir nəğməni deyə bilmərəm.
Şerim, şimşəklərdən qanad istə sən,
Yerəsə insanın nəfəsiylə gəl.
Dünyada bir damla olmaq istəsən,
Dünyaya sən ümman həvəsiylə gəl.
1956.
ÖTƏN GÜNLƏR
Gəl daha tənəli sözlərdən əl çək,
Olub-keçənləri gətirmə yada.
Bəzən yarıkönül gülümsəyərək,
Hər sözü-söhbəti üzə vurma da...
Bu sorğu-suallar nəyə gərəkdir,
Gərək unutmağı bacara insan.
Canın dağ da olsa, əriyəcəkdir
Hər günün dərdini ürəyə yığsan...
(Ey qadın ürəyi, ey sirli dilbər,
Bir xəzan görməsin gülün, gülşənin!
Deyirəm, inamsız olduğun qədər
İnamın olaydı dünyada sənin...)
Fikirli görürəm səni hər axşam,
Məni eşqimizə yadmı sayırsan?
Bəlkə gözəlləri unudub tamam,
Səni sevdiyimə inanmayırsan?
Doğrudan ömrümdə faciə vardı,
Uydum gözəlliyə, uydum əzəllər;
Məni də zəhmətdən, işdən ayırdı
Zəhmətsiz gözəllər, işsiz gözəllər...
Alıb “oynatdıqca” qəlbimi onlar
Xəyalım, ilhamım yerində saydı.
Şersiz, nəğməsiz ötən bu anlar
Bir şair ömrünə yazılmayaydı...
Sonralar yandırıb-yaxır insanı
Ötəri əyləncə, ötəri həvəs.
İnan ki, ehtiras aldatmayanı
İnci də, kövhər də aldada bilməz.
Hələ də göynəyir ağrının yeri,
Vaxtında onları oda yaxmadım.
O qansız, duyğusuz daş ürəkləri
Vaxtında qoparıb daşa çaxmadım.
Vaxt oldu qapıldım nifrət hissinə,
Od alıb, alışdı qəlbimin başı.
Mərhəmət gətirdi könlümə yenə
Yalan sevgi nazı, saxta göz yaşı.
Hərdən düşündükcə o günləri mən,
Ürək də sinəmdə tufan qoparır.
Sevgilim, “min ilin dərdini bəzən
Bir anın sevinci yuyub aparır”.
Silinsin qəlbindən qəmlər, düyünlər,
Yüz ilin, min ilin sorağı kimi.
Ömrün budağından qopdu o günlər
Saralmış bir payız yarpağı kimi.
Gəl daha tənəli sözlərdən əl çək,
Olub-keçənləri gətirmə yada.
Bəzən yarıkönül gülümsəyərək,
Hər sözü-söhbəti üzə vurma da...
Gəl yenə söhbət aç saf eşqimizdən,
Tək səni ömrümün günəşi saydım.
Bəlkə də seçməzdim yaxşını pisdən
Həyat yollarında yanılmasaydım...
1956.
BİR SƏNİN EŞQİNLƏ...
Yenə varaqlandı könül kitabım
Bir sənin, bir sənin eşqinlə, gözəl!
Düşündüm gül açır, bülbül oxuyur
Bir sənin, bir sənin eşqinlə, gözəl!
Sinəmə bir eşqin sazını asdım,
Hər könül nəğməmi o dedi, yazdım.
Çox eşqin səsinə qulaq da asdım
Bir sənin, bir sənin eşqinlə, gözəl!
Gah odsuz, alovsuz pərvanə oldum,
Eşqinlə güləcək divanə oldum.
Bəlkə yüz gözələ biganə oldum
Bir sənin, bir sənin eşqinlə, gözəl!
Qəm-kədər üzünə tutanda pərdə
Qəmləndi çaylar da, şəlalələr də.
Sandım-doğur günəş, gülür səhər də
Bir sənin, bir sənin eşqinlə, gözəl!
Sənsiz bir anıma dedim bir ildi,
Dərdimi nə bacı, nə ana bildi...
Məhəbbət önündə qəddim əyildi
Bir sənin, bir sənin eşqinlə, gözəl!
1956.
UNUDA BİLMİRƏM
Terek sularını seyrə dalaraq,
Öz ilk sevgilimi anıram yenə.
Bu yaşıl sahildə neçə il qabaq
Yandığım kimi də yanıram yenə.
Od alır qəlbimdə hisslər, duyğular
O son ayrılığı saldıqca yada.
Deyin sevgilimi, deyin, ey sular,
Ayrılıq üçünmü sevdim dünyada?!
Susdu bu sahildə o qızın səsi,
Güllər, çiçəklər də başını əydi.
Sevgilimə deyən düşmən gülləsi
Sandım ki, mənim öz qəlbimə dəydi.
Bu mavi sulara son dəfə baxdı,
Əbədi yumuldu o mavi gözlər
Axdı ləpələr tək, süzülüb axdı
O dalğın baxışlar, səmavi gözlər...
Fəqət biz susmadıq, biz coşduq yenə
Vətənin Lenası, Volqası kimi.
Hissəmiz sahildən düşmən üstünə
Axdı bir intiqam dalğası kimi.
Dedim, o ölsə də qəlbində zəfər
Ölmədi arzusu, eşqi, sevdası.
Topların səsində Berlinə qədər
Getdi onun səsi, onun sədası...
Çox illər keçibdir həmin o gündən
Odla nəfəs almır bu torpaq, bu su.
İndi bu sahildə duymayıram mən
Mərmi vıyıltısı, barıt qorxusu.
Elə bil rəngini dəyişir yer də,
Dava, qan görməyib sanki bu diyar.
Sahil boyundakı kənddə, şəhərdə
Nə sınıq pəncərə, nə uçuq ev var.
Təzə ot bitirib qoynunda o vaxt
Səngər qurduğumuz təpələr belə.
Traktor səsiylə salamlaşaraq,
Yeni nəğmə deyir ləpələr belə.
Lakin mən yenə bir döyüşçü kimi
Anıram o keçən illəri bir-bir.
Ölən sevgilimi, ölməz eşqimi
Ürəyim unuda, unuda bilmir.
1956.
RƏFİQƏLƏR
Nələr xəyalımı oynatdı, nələr,
Dindi könül sazım bu səhər yenə.
Qızlar, o cüt qızlar, o rəfiqələr
Gəlib küçəmizdən keçdilər yenə.
Görürəm birinin gözü məndədir
(Gözünün vəsfini salmıram yada.)
Birinin söhbəti, sözü məndədir,
Mənimlə bir kəlmə danışmasa da.
İnsan bir baxışla vurulur bəzən,
Bir anın eşqi də ötəri olmur.
Elə də olur ki, sevildiyindən
Sevilən adamın xəbəri olmur.
Mənə vurulmuşdu mənə baxan qız,
Qəlbini dindirən sevgi səsiydi,
Lakin bilmirdi ki, o mehriban qız
Sevdiyim özü yox, rəfiqəsiydi.
1956.
ANA TORPAQ
Ana torpaq, ana torpaq!
Dilə gəldi sazım yenə.
Qoy eşqini varaq-varaq
Ürəyimə yazım yenə...
Sənin qoynun bir asiman-
Dolanmağa xəyal gərək.
Göylərini seyrə çıxan
Bir qocaman qartal gərək.
Ana torpaq! Bəs bu ada
Məni çəkən hikmət nədir?
Sanıram ki, bu dünyada
Sənsiz hər şey əfsanədir.
Sənsiz keçən bircə günü
Neçə min il sanaram mən.
Sənsiz olsam, göy mülkünü,
Yer şarını danaram mən.
Ana torpaq, ana torpaq!
Bir oğluyam doğma yerin,
Arzularım qucaq-qucaq,
Məhəbbətim daha dərin...
Ana torpaq, küləklərin
Rübabımdır, avazımdır.
Bu nəğməkar göy Xəzərin
Ömrüm boyu bir sazımdır.
Sənin qoynun bir güllü yaz,
Nələr yazım bu yaz haqda.
Sənin eşqin vəsf olunmaz
Beş varaqda, on varaqda.
Hələ sənin qucağını
Gəzməmişəm qarış-qarış.
Hələ Ural fəhləsiylə
Şer səsim yarışmamış.
Hələ nəğməm oyatmayıb
Koryakları Amur kimi.
Qələmim də bərkiməmiş
Tayqanın buz dağlarını
Parçalayan dəmir kimi.
Qara dəniz sahilində
Qışda çiçək dərməmişəm.
Ob üstündə xizək sürən
Nen qızını görməmişəm.
Saxalində, Kamçatkada
Olmamışam nə yaz, nə qış.
Karpatların yaz yağışı
Saçlarımı islatmamış.
Çox elləri görməmişəm,
Görməmişəm, bir də nə qəm,
Bu torpağı çox sevirəm,
Öz qəlbimdən, öz canımdan.
Mənim könlüm həyəcanımdan,
Volqanı duy, Kürü dinlə!
Ana torpaq, körpəlikdən
Nəfəs aldım nəfəsinlə.
Ana torpaq, mən sevirəm,
Hər qışımı, hər yazımı.
Mən sevirəm Qafqazımı
Südəmər bir körpə uşaq
Anasını sevən kimi.
Mən sevirəm Muğanımı
Bala tərlan yuvasını
sevən kimi.
Ukraynanı görməsəm də
Dnepri, Şevçenkonu
sevirəm mən.
Arazımda Nizamilər
Füzulilər nəğməsi var.
Volqamdasa Lermontovlar,
Nekrasovlar nəfəsi var.
Ana yer, sən sədəfli saz,
Mən nə deyim bu saz haqda.
Sənin eşqin vəsf olunmaz
Beş varaqda, on varaqda...
Ana torpaq, qüdrətini
Vəsf eləyən şair varmı?
Sənin dərya şeriyyətin
Bir ürəyə sığışarmı?
Bülbül olsam, ömrüm boyu
Bağlarını dolanardım.
Qartal olsam, başı qarlı
Dağlarını dolanardım.
Külək olsam, çöllərinin
Saçlarını darayardım.
Aranına od yağanda
Bir məsrəfə yarayardım.
Günəş olsam, səndən ayrı
Alışmazdım bir an belə.
Bir damla da sayılmazdım
Sənsiz olsam ümman belə.
Bulud olsam, hər düzünə
Bir coşğun çay bəxş edərdim.
Öz eşqimi naxış-naxış
Hər daşına, hər qayana
nəqş edərdim.
Şimşək olsam, dar günündə
Enib yerdə çaxardım mən.
Düşmənini bir andaca
Yandırardım, yaxardım mən.
Şahin olsam, göylərində
Yüz il, min il süzərdim mən.
Sinənə nur səpmək üçün
Ulduzları qanadıma
düzərdim mən.
Yox, ana yer, qələmin də
Öz gücü var, öz adı var.
Şerin, sözün şahinləri
Yoran xəyal qanadı var.
Yox-yox, mənim söz tərlanım
Şimşəklərlə ötüşəcək,
Mənim şer yelkənimə
Dərya gərək, ümman gərək...
Ana torpaq, əzəl gündən
Gül-çiçəkli yazım sənsən.
Ömrüm boyu könül səsim,
Bir də könül sazım sənsən.
Ana torpaq, qüdrətini
Vəsf eləyən şair varmı?
Sənin dərya şeriyyətin
Bir ürəyə sığışarmı?
1957.
İKİ SƏS
Yenə də ağ varaq gərəkdir mənə,
Yazıb-pozduqlarım xoşuma gəlmir.
Neçə söz ələyib, seçsəm də yenə
Qəlbim istəyən söz başıma gəlmir.
Könül sevdiyini sevəsən gərək,
Kiçik bir şer də könül varıdır.
Bu axşam bayırda at çapan külək
Sanki xəyalımın qanadlarıdır.
Ürəyim söz üstə yanır bayaqdan,
Ömrünü şerə ver, şerə qat deyir.
Anamsa dillənib qonşu otaqdan,
-- Oğul, dincəl, -- deyir- oğul, yat-deyir.
Ürəkdən nur alır hər ev, hər ocaq,
Onunmu səsinə qulaq asım mən.
Ana yuxusuna haram qataraq,
Bəs necə düşünüm, necə yazım mən?
Anam bilməyir ki, şair olan kəs,
Odlu söz tapmayır oda yanmasa,
Bir də ki, şairə şair deyilməz
Hamıdan gec yatıb, tez oyanmasa.
Oğul dincliyini axtarır ana,
O bilmir bir dolan buluddur ürək --
Minillik bir yuxu versən də ona,
Yenə boşalmasa dincəlməyəcək.
Ürəyim söz üstə yanır bayaqdan,
Ömrünü şerə ver, şerə qat deyir.
Anamsa dillənib qonşu otaqdan,
-- Oğul, dincəl, deyir,- oğul, yat,- deyir.
İki səs şairi çağırır bu dəm,
Necə yuxulayım, necə yazım mən...
Boşal kağız üstə, boşal, ey sinəm,
Qoy iki səsə də qulaq asım mən!
1956.
SEVGİ NƏĞMƏSİ
Bir sevgi nəğməsi yaradım deyə,
Bu axşam bulanıb, duruluram mən.
Onu düşünərkən bilmirəm niyə
Başqa bir nəğməyə vuruluram mən.
Kiçik bir mahnını bəstələyincə
Xəyalın min eli dolansın gərək.
Sevən bir ürəyin səsini necə,
Necə dinləməsin sevən bir ürək...
Yenə dillənirsən qonşu otaqdan,
“Sus” demək gəlmir dilimdən, ay qız.
Dalmışam nəğmənə yenə bayaqdan,
Almısan nəğməmi əlimdən, ay qız.
Elə bil, deyir ki, qopan bir səda,
“Divar aramızda daşdan olsa da,
Gərək daş olmaya ürəklərimiz,
Bir varaq eləyək iki qəlbi biz”.
Susuram önündə o şeriyyətin,
Ürəyim dolsa da, ağ qalır kağız.
Qələmsiz, kağızsız ilk məhəbbətin
Yazır nəğməsini qəlbimə o qız.
1957.
O BAXIŞLAR...
O, məni görərkən dayandı bir an,
Dalğın baxışları mənə tanışdı...
Eşqin mənasını duyduğum zaman
Məni o baxışlar yaralamışdı...
İndi o dayandı, sözü var kimi,
Mən yana baxsam da, o mənə baxdı.
Elə bil sıxlaşan buludlar kimi
Bu saat sinəsi boşalacaqdı...
Dilində üç dəfə səsləndi adım,
Sanki öz adım da çıxdı yadımdan.
Onu dindirmədim, danışdırmadım,
Getdi, yaralanmış getdi yanımdan.
O getdi, sahilə baxdım bir qədər,
Mən orda açmışdım ona qəlbimi.
Dayandı gözümdə dalğalı Xəzər,
Mənim ilk eşqimin şahidi kimi...
O çağlar xəyalda yaşadı yalnız,
Aldı məhəbbəti şöhrətmi, nəmi?
Başqa birisinə uyaraq o qız,
Oduna yandırdı odlu sinəmi.
Bəs indi qarşımda dayandı nədən,
Yenəmi, ürəyi məndə qalırdı?
Bəlkə bir röya tək çəkilib gedən
İlk eşqi, ilk andı xəbər alırdı.
Bəlkə öz işindən peşmandı, nahaq
Əl verib, onunla barışmadım mən.
İlk eşqi qəlbindən çıxarıb nə vaxt
Necə atdığını soruşmadım mən...
Bəlkə ürəyinə yol tapıb kədər,
Mənimlə bölüşmək istədi bir az...
(Könül, təəssüfə qapılma hədər,
Axan su bir daha geri qayıtmaz...)
O gündən bəridir həftələr, aylar
Ömrümdən-günümdən gəlib şən keçir.
Lakin düşündükcə, bulanıq çaylar
Sanıram kükrəyib qəlbimdən keçir.
Deyirəm özümü danlayım barı-
Ürəyi ürəkdən araladım mən.
Məni yaralayan o baxışları
Niyə yaraladım, yaraladım mən?!
1955
DOSTLUQDAN YAZIRAM...
- Bilirsən, təzə bir əsər yazıram,
Eh, nələr düşünüb, nələr yazıram...
Hər sözü incidir, hər sözü haqdır,
Adamı göylərə qaldıracaqdır.
Həyatı mənim tək duyanlar gərək!
Dostluqdan yazıram... nə olur... görək...
“Dostluqdan...” dedikdə danışmadım mən,
Onun öz aləmi keçdi gözümdən:
“Ömründə heç kimə dost olmayan kəs
Hansı bir dostluqdan əsər yazır bəs?”
1960
MUĞANIN ŞİKAYƏTİ
Bu düzləri düz keçin,
Haraysız, səssiz keçin.
Şirvanda ov gəzməyin,
Mili tüfəngsiz keçin:
Ceyran azalıb,
Yaman azalıb!
Güllə səsi gəldimi
Güllə tək süzüb gedər.
Bir şer sətri kimi
Çöllərdən küsüb gedər...
Ceyran azalıb,
Yaman azalıb!
Gözündə gözü qalan
Bulaq da gileylənir.
Qanıyla xal-xal olan
Torpaq da gileylənir:
Ceyran azalıb,
Yaman azalıb!
Belə gedərsə ancaq
Gələn nəsillər sabah
Ceyranı çöldə deyil,
Muzeydə axtaracaq,
Ceyran azalıb,
Yaman azalıb!
1961
QONŞU
Ömründə açmadı özgə bir qapı,
Süfrəsi görmədi nə dost, nə qonaq.
Beləcə bağlandı ömür kitabı,
Beləcə bağlandı, açılmayaraq...
Arvadı ağladı, yığıldıq yasa,
Biz ona rəhmət də deyib baş əydik.
Həyət qol çırmadı, düşmən də olsa
Yenə qonşumuzdu, dəfn etməliydik.
Sükut bir səs yaydı ürəyimizə:
Diri görmüşdükmü ölən adamı?
Öləndə tanıdıq qonşuymuş bizə
Otuz il qonşumuz olan adamı...
1960
QOCA VƏ DƏNİZ
E.Xemenqueyin ölümünə
Saçları -- rənginə bənzər,
Səsi -- ahənginə bənzər,
Yatağı -- sinəsi olan,
Ləpəsi -- nəğməsi olan
Bir dəniz yaratdı qoca.
O, sərhəd bilmədən üzdü,
Üzdü qitələr boyunca...
Tale fırtına yaratdı,
Avar düşdü, qayıq batdı...
Fəqət sahil daşlarına
Həkk olunan bir iz qaldı:
“Qoca getdi, dəniz qaldı...”
1961
NOBEL MÜKAFATI
Nobel mükafatı.... Yazdı qəzetlər,
Ucaldı bu adla kiminsə adı.
Oslodan, Parisdən, Madridə qədər
Nobel şərəfinə tərif yazıldı.
Dayan, tərifini burdaca saxla!
Məst olma böhtanlar xülyasında sən.
Geri dön, tarixi bir an varaqla,
Gör onu həqiqət aynasında sən.
Kimindir o qızıl, kimindir o var,
Niyə tərifində bundan deyilmir?!
Gözlər qamaşdıran o parıltılar
Babamın gözünün nuru deyilmi?!
Gör kimin evinin daşı, divarı
Soyulub kim üçün cəh-cəlal oldu.
Sorulub Bakının şah damarları
Nobel banklarında kapital oldu.
Tarix hökm elədi, qaranquş kimi
Bahara səslədik bu elləri biz.
Sapanda qoyulan qara daş kimi
Atdıq yurdumuzdan nobelləri biz.
Tarix haqqımızı qaytardı geri,
Sorulan qanımız qayıtmaz artıq.
Bizi səsləyəndə döyüş illəri
Ayılıb gördük ki, gec ayılmışıq...
Bir günlük varımı qaytarsan bir an
Yurdumda min yeni şəhər yaranar.
Çıxarsan neftimi sandıqlarından
Alpın ətəyində Xəzər yaranar...
Demirəm dayandır mükafatını,
Deyirəm çıxarma bunu yadından;
Kimin alın təri, ürək qanını
Mükafat verirsən kimin adından!
1960
ƏLVİDA, DAĞLAR!
Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.
Dalımca su səpir yoxsa buludlar? --
Leysan, salamat qal, yağ, salamat qal!
Qıy vuran qartallar yox oldu çəndə,
Nərgizlər saraldı şehli çəməndə.
Ey qaragöz pəri, dalımca sən də
Boylan, salamat qal, bax, salamat qal!
Gəldim, qarşıladı güllər-çiçəklər,
Gedirəm, əl edir boz biçənəklər.
Nidamı çaylara dedi küləklər:
Bulan salamat qal, ax -- salamat qal!
Dağların pələngi, şiri də sənsən,
Şairi də sənsən, şeri də sənsən.
Varı, bərəkəti, xeyri də sənsən --
Çoban, salamat qal, sağ-salamat qal!
1962
NAMƏLUM QƏHRƏMAN
Sən dəniz qoynunda, dəzgah dalında
Tarlada, zavodda... hər yerdə varsan.
Şöhrət paylananda, ad paylananda
Nə şöhrət umarsan, nə ad umarsan.
Səninçün meyarı şöhrətin, şanın
Nə medal, nə də ki, tərif - yazıdır.
Sənin aləmində hər qəhrəmanlıq
Bəlkə də ən adi iş normasıdır.
Demirsən yolunda xalqın, vətənin...
Demirsən. Sanmayaq fikrin donubdur,
Bu hisslər qanınla yeriyib sənin
Qəlbinə, beyninə həkk olunubdur.
Haray da salmazsan düşsən dara sən;
Özgənin dərdinə dərman əlində...
“Can-can” demədiyin adamlara sən
Canını verərsən yeri gələndə.
Əlindən zəmilər, bağlar boy alır;
Şöhrətin işindir, söhbətin deyil.
Neçə mərtəbəli, neçə boyalı
Çıxışlar, vədələr adətin deyil.
Bəs niyə az görür səni şerimiz?
Əlini sıxmırıq bir iftixarla.
Arayıb seçirik adamları biz
Bəzən də toz basmış siyahılarla.
Şair, ürəyini bircə anlığa
Bu adi adamlar yolunda yandır.
Ən böyük qəhrəman, qəhrəmanlığa
Əvəz istəməyən, pay ummayandır...
1964
GÖY GÖL
Çiskinli bir gündə gəldim bu yerə,
Dumanda görünməz - dumandı Göy göl.
Tənha qayalara, lal meşələrə
Zülmət gecələrdə hayandı Göy göl.
Bir səhər gördüm ki, durulub yatır,
Kəpəzin dibində burulub yatır.
Qovulan ceyran tək yorulub yatır,
Daş atdım, diksinib oyandı Göy göl.
Döşünü qayıqlar düymə tək bəzər,
Dedim bu görkəmlə Xəzərə bənzər -
Qızını yaylağa köçürüb Xəzər;
Baxdı, cilvələndi, nazlandı Göy göl.
Yel əsdi, yarpaqlar suya töküldü,
Göy çitə tünd sarı güllər tikildi...
Buludla ağladı, günəşlə güldü,
Deyəsən bir kövrək insandı Göy göl...
Sentyabr, 1964
OD
Vəhşilik dişini çəkdi çiy ətdən --
Elə ki, dünyada od aldı insan.
Təkcə işıq deyil, bu təbiətdən
O gün ləzzət aldı, dad aldı insan.
Bəlkə o qələbə, o kef, əyləncə
Neçə mağarada əks olub qalır.
Bəşər tarixinin ilk günü, məncə
İnsan od aldığı gün olmalıdır.
Od aldı insanın əli ağacdan,
Çıxdı od içindən ox da, qılınc da.
Qalxdı təbiətlə vuruşa insan
Qaranlıq gecədə, ayazlı qışda.
Od aldı insanın əli, bu əllər
Fikrə də, qəlbə də od yükü çatdı.
Kürələr içində qovruldu əllər,
Əllərdən yapışan maşın yaratdı.
Od aldı insanın əli, bu oddan
Min toplu, tüfəngli hissə də doğdu.
Deyirəm, bəlkə də, elə bu oddan
Bu odu söndürmək hissi də doğdu...
Od - gülüş, təbəssüm, uşaq səsində,
Od - fikir, xəyaldır, şən arzulardır.
Fəzanın bugünkü xəritəsində
Neçə gəmimizin od yolu vardır.
Ey bəşər, dünyanın mayası oddur,
Od alıb bu odun keşiyində dur!
İtirər tapdığı bu odu insan
Sən hərbin odunu oğurlamasan.
1964
QADINLAR
Məni səcdəsinə gətirər biri,
Qoynunda gül kimi bitirər biri.
Od olub əridər, itirər biri...
Elə ki, ömrümün itər xoş günü,
Dərdim, əzabımın ağır yükünü
Yalnız alar biri, götürər biri...
Qaqra, sentyabr 1965
ADİ GÜNLƏR EŞQİNƏ
Vaxt olur ki, xoş gəlməyir
Ömrümdəki təmtəraqlı günlər mənə.
O gün dingiş bir qız kimi
İfrat gəlir
Ən sevimli güllər mənə.
O gün, mənə
Qonşusunun paltarında toya gedən
Bir adamın yerişini xatırladır.
Kimə isə yandıq verən bir qadının
Gülüşünü xatırladır.
O gün bəzən
Nədənsə mən
madarını dəfn eləyən
Bir ananın kədərini düşünürəm.
Son səfərdə vurulan bir qəhrəmanın
Nakam qalmış zəfərini düşünürəm.
Təriflərdən qaçıb o gün
Tənha gəzmək istəyirəm:
Bir kasıbın süfrəsində
Çörək kəsmək istəyirəm.
Təmənnalı sağlıqların
Yalan qusan qədəhindən
iyrənirəm.
Bəxşiş qapan tamahların
Horralanmış qəhqəhindən
İyrənirəm.
Düzdür, o gün
Bir az çinli adamların
Baxışının buzu olmur.
Kimisinin gülüşü bol,
Gülüşünün duzu olmur.
Toy-bayramda onlar çoxu
Öz qınında mürgüləyər.
Gizli-gizli görüşlərin
Qılığında mürgüləyər.
Nə gizlədim, boyadılmış
Təntənəni, təmtərağı
Seyr etməyə təbim gəlmir.
Bu bəzəkli məclislərə
Qıçım gəlir, qəlbim gəlmir...
Ömrümüzün çox varağı--
adi günlər!
Təntənəsi, təmtərağı--
adi günlər!
Gəlin, bir də öpüm sizi,
Həyatımın əvvəlindən
Sonunacan səpim sizi...
1957.
ETİRAF
Bilmirəm neylədim öz əsrimdə mən,
Neylədim-gələcək nəsil deyəcək.
Bu günün ətrini nəğmələrimdən
Sabaha aparan nəsim deyəcək.
Hünərim çox olub özüm biləni,
Günahım ondan da çox olub hələ.
Bir gödək ömrümdə bir ailəni
Yarıda bilmədim məhəbbətimlə.
Bəzən bir səhvimə yüz tənbeh yedim,
Çırpınıb düzəldim, görən olmadı.
Böyük bir işimə mükafat nədir,
Bir çimdik “sağ ol”da verən olmadı.
Yazmışam hər şeyi könül naməmə,
Bircə bu günahım bağışlanacaq.
Neylədim -- vətəni sevmək naminə,
Ucaltmaq naminə elədim ancaq...
1967.
DÜŞÜNCƏLƏR
Fikirlərim dağınıqdır, dağınıq yaman,
Küləklərə əsir düşən duman kimiyəm.
Min şübhələr, həqiqətlər ünvanı tapan,
Bir ünvanda qərar tutmaz güman kimiyəm.
Elə bil ki, dartır məni yer ayağımdan,
Elə bil ki, hər tükümdən bir daş asılıb.
Hey fikirdir, hey xəyaldır beynimdən yağan,
Yoxsa fikir qucağında qəbrim qazılıb!
Bir xəyanət pərdəsidir ya nədir belə?
Gözlərimin ağı-qara, qarası ağdır.
Məni kimsə qılınclayar dost əlləriylə,
Məni nəsə öz qəlbimdən uçuracaqdır.
Bir sevdadır, bir insandır başımın tacı,
Daş hasarlı ürəklərə girə bilmirəm.
Qandan qaçıb, candan qaçıb, ürəkdən qaçıb
Gözdə gəzən məhəbbəti görə bilmirəm.
Yenə xəyal içindəyəm bir dar otaqda,
Bəlkə mənim “mənsiz keçən” kef-damağım var.
Dağıl, fikrim, nə yaşadım...Hələ qabaqda
Bir ürəyi tufanlara tapşırmağım var...
1965.
BAHAR GƏLİB
Bahar gəlib yurdumuza.
Sular dilli,
Çöllər güləş,
Göylər qızıl.
Təbiətin
nur xonçalı,
Gül qonçalı
Gəlin qızı --
Bahar gəlib.
Duyğulara səhər yeli --
Bahar gəlib.
Səhərlərə duyğu seli --
Bahar gəlib.
Zirvələrin ağ donunun
Saplarını çəkən bahar.
Buludların ətəyini
Üfüqlərin dağ çiyninə
tikən bahar.
Quzulamış ömürləri
Mehvərindən sökən bahar.
Yer üzünə yaşıl toxum
əkən bahar.
Elə bil ki, qəlbimizdə
Fikirlər də,
Sevinclər də,
Gülüşlər də yaşıl donlu.
Yaşıl ağac yanındakı,
Yaşıl yamac yanındakı
Açıq,
Gizli
Görüşlər də yaşıl donlu.
Budaqlarda topa quşlar,
Yaxınlarda, uzaqlarda
Topa quşlar --
Uçan nəğmə topaları.
Dərələrin boğazında
Bir-birini
Qucan nəğmə topaları.
Yeni-yeni təməl daşlı
Ağ binalar --
Şəhərimin göbələyi.
Körpələrin qəhqəhəsi
Bağ-bağatın kəpənəyi.
Kür kükrəyir,
Araz axır --
Düzlərimin nur zolağı.
Göllərimdən günəş doğur,
Çöllərimə günəş yağır.
Elə bil ki, böyüyərək
Muğan olur günəş boyda.
Elə bil ki, kiçiklərək
Günəş olur Muğan boyda.
Azərbaycan torpağı da
cahan boyda.
Bahar gəlib.
Yer üzünün
hələ gizli sazağı var.
Hələ vəhşi dərələrin
Həqiqəti xortumlayıb
Udmağı var.
Bahar gəlib
Zülmətlərə,
Sazaqlara qənim bahar.
Gözəlliyə yasaqlara
qənim bahar.
Yer üzünə
Əbədilik səpiləsi
Yaşıl, mavi dənim bahar.
1968
VƏSİYYƏT
Qara cilddə çap eləyin kitabımı
Məndən sonra.
Qara cilddə.
Tünd qara.
Qoy qara kağızım olsun
O kitab dostlara, tanışlara.
Mən o rəngi sevərdim;
Boynu bükülü dərdim,
Pardaxlı sevincim
O rəngdə geyinərdi
Mən o rəngi sevərdim.
O rəngdəydi varaqlarda
Fikrimin yazı geyimi...
O rəngə hörmətimdir,
Şəvəgözlülər, qarabuğdayılar.
O rəngli kirpiklərin kölgəsində
Əksim yaşardı.
O rəngin bir ev dolusunda
Vəslim yaşardı.
O rəngin ən durusu,
Safıdır
Məni oxşayan ağılar.
Qızlarımın gözündə
O rəngin özü ağlar.
Qara cilddə çap eləyin kitabımı,
Məndən sonra
Tünd qara.
Fəqət soy -- adımı
Süd rəngiylə həkk edin ora.
Daha nə deyim,
Qoy mən
Qara torpaq üstündə
Üfüqə doğru gedən
Ağ yola bənzəyim.
Bakı, fevral 1968
Köçüb qonşuluqdan hayana getdin?
Kəpəzmi, Qoşqarmı oldu məskənin
Yoxsa onlardan da o yana getdin?
Qoynunda dəfinə tapdığın zaman
Ucaltdı dağ boyda hansı dağ səni?
Nərgiz rəng aldımı yanaqlarından
Öpəndə nərgizli bir yaylaq səni?
Görəsən, bu soraq düşdümü elə:
“Yamanca şöhrətli mühəndisdir o!”
Eşqin hansı qəlbi gətirdi dilə?
Kim dedi ilqara, əhdə düzdür o?
Gözümdən getməyir camalın sənin,
Köçüb qonşuluqdan hayana getdin?
Kəpəzmi, Qoşqarmı oldu məskənin
Yoxsa onlardan da o yana getdin?
Səni axtarıram o gündən bəri,
Axı açmamışdım sənə könlümü.
Yaz gəldi, açıldı bahar gülləri,
Mənsə açmamışam yenə könlümü.
Bəzən tüfəng alıb çıxsam da düzə,
Ceyran oylağından aralı gəzdim.
Ovçu ov axtarar, ovçu ov gəzər,
Mən məni ovlayan maralı gəzdim.
Bəzən ac qayıtdım evə də, amma
Bir tikə çörəyi yeyə bilmədim.
Bütün sirlərimi bilən anama,
Məhəbbət sirrimi deyə bilmədim...
Bəli, axtarıram səni o gündən,
Könlüm istəyəni görə bilmirəm.
Qəlbimi özünlə aparmısan sən,
Mən onu heç kəsə verə bilmirəm...
1956.
NƏNƏMİN KİTABI
Gözümdən getməyir camalın sənin,
Köçüb qonşuluqdan hayana getdin?
Kəpəzmi, Qoşqarmı oldu məskənin
Yoxsa onlardan da o yana getdin?
Qoynunda dəfinə tapdığın zaman
Ucaltdı dağ boyda hansı dağ səni?
Nərgiz rəng aldımı yanaqlarından
Öpəndə nərgizli bir yaylaq səni?
Görəsən, bu soraq düşdümü elə:
“Yamanca şöhrətli mühəndisdir o!”
Eşqin hansı qəlbi gətirdi dilə?
Kim dedi ilqara, əhdə düzdür o?
Gözümdən getməyir camalın sənin,
Köçüb qonşuluqdan hayana getdin?
Kəpəzmi, Qoşqarmı oldu məskənin
Yoxsa onlardan da o yana getdin?
Səni axtarıram o gündən bəri,
Axı açmamışdım sənə könlümü.
Yaz gəldi, açıldı bahar gülləri,
Mənsə açmamışam yenə könlümü.
Bəzən tüfəng alıb çıxsam da düzə,
Ceyran oylağından aralı gəzdim.
Ovçu ov axtarar, ovçu ov gəzər,
Mən məni ovlayan maralı gəzdim.
Bəzən ac qayıtdım evə də, amma
Bir tikə çörəyi yeyə bilmədim.
Bütün sirlərimi bilən anama,
Məhəbbət sirrimi deyə bilmədim...
Bəli, axtarıram səni o gündən,
Könlüm istəyəni görə bilmirəm.
Qəlbimi özünlə aparmısan sən,
Mən onu heç kəsə verə bilmirəm...
1957
QARANQUŞ
Əsdi vədə yeli...yaz müjdəsilə
Qondun eyvanıma yenə, qaranquş!
Mən sənin eşqinlə gəlirkən dilə,
Uçmağın dərd oldu mənə, qaranquş!
Bir zaman yuvanı uçurmuşam mən,
Bəlkə də, bəlkə də o yadındadır.
Dilin yox, dərd açıb söz söyləyəsən,
Dilin də, sözün də qanadındadır.
Bəzən əlində şiş, çiynində yaba
Uşaqlar yanıma yığıldı, ay quş!
On günə, bir aya tikdiyin yuva
Bircə an içində dağıldı, ay quş!
Yelləmi, selləmi keçdi ötən gün?
O, bəlkə ötəri şimşək səsiydi.
Sənin öz yuvandan ayrı düşməyin
Mənimçün bir uşaq əyləncəsiydi.
Bəlkə bu halımdan incidi dağ-daş
Bunu öz vaxtında duya biləydim.
Bir günlük uşaqlıq günahmı, kaş
Bütün ömrüm boyu yuya biləydim.
Bilmədim o günün ani nəşəsi
Mənə dərd olacaq ömrüm uzunu.
Bəlkə ev qayğısı, övlad nəfəsi
Olmasa indi də duymazdım bunu.
Eh, xəyal nələri gətirir yada...
Yeni müjdən ola mənə, qaranquş!
Körpəlik gülüşüm qanadlarında
Bircə gün geriyə dönə, qaranquş!
Vaxt olur cansızdan can umur insan-
Adi təsəllidir, bunlar da ancaq.
Uçan körpəliyim, uçulan yuvan
Onsuz da geriyə qayıtmayacaq.
Gəl yenə yuva qur doğma yerində,
Könlüm həsrətinlə dindi, qaranquş!
Ta uçma, çəkinmə məni görəndə,
Mən uşaq deyiləm indi, qaranquş!
1957.
AĞARMA, SAÇIM, AĞARMA!
Nə erkən sənə dən düşdü,
Niyə düşdü, nədən düşdü?
Beynimmi qüvvədən düşdü?
Ağarma, saçım, ağarma!
Arzu sonsuz, ömür yarı...
Artdı alnın qırışları,
Səndə insaf olsun barı
Ağarma, saçım, ağarma!
Məni qəmgin görsə əgər
Düşmən gülər, dost qəm yeyər,
Qızlar baxıb “dayı” deyər,
Ağarma, saçım, ağarma!
Daşdır qəlbin, daşdır canın,
Yoxdur, duyğun, yoxdur qanın.
Hələ gəncəm, sən vicdanın
Ağarma, saçım, ağarma!
Ömür keçir, yaman keçir,
Qəlbimdən qara qan keçir.
Daha gözəllər yan keçir,
Ağarma, saçım, ağarma!
Hələ səsim ucalmayıb,
El gücündən güc almayıb.
Hələ ürək qocalmayıb
Ağarma, saçım, ağarma!
İlham adlı şahpərim var,
Yol üstəyəm, səfərim var...
Yazılmamış əsərim var...
Ağarma, saçım, ağarma...
1957.
İŞIQLAR
Sahil boyu yanır kəndin işıqları,
Tala-tala kölgə salır suya çinar.
Əyildikcə göy budaqlar suya sarı,
Elə bil ki, salam verir çaya çinar.
Dayanmışam o çinarın dibində mən,
Nəzərlərim ayrılmayır kəndimizdən.
Enir, qalxır ağ sırğalı göy dalğalar,
Bu sahildə neçə-neçə xatirəm var.
Güc eləyib, kəmənd atdıq sel gücünə,
Çay üstündə bir “hes” tikdik el gücünə,
Əlimizlə işıq oldu gur şəlalə,
Otaqlara sanki doldu nur şəlalə...
Alqışladı zəhmətimi hamı o vaxt,
Gül gətirdi qızlar mənə qucaq-qucaq.
Uşaqlar da gözlərində sevinc hissi,
Çağırdılar məni: “işıq mühəndisi”.
Həmin günlər axıb getdi sular kimi,
Yaşa doldum, boy atdım o çinar kimi.
O günləri yad edirəm indi yenə,
Gənclik səsi bürümüşdür kəndi yenə.
Həmin səslər sanki deyir mühəndisə:
“Sən gərəksən, çox gərəksən hələ bizə.
Hələ işıq çəkəcəksən tarlalara,
Töhfələrin yenə vardır, bu diyara...”
Salam verib el gücünə, el səsinə,
Sinəm dönür qranit dağ sinəsinə.
Ağ evlərə ağ işıq tək axıram mən,
Kəndimizə bir gənc kimi baxıram mən.
Canlı sənət, canlı əsər heç solarmı?
Əməlləri işıq olan qocalarmı?
1957.
KƏNDDƏ BİR AXŞAM
Sevirəm sevməli sözü, söhbəti,
Bu axşam çox adam yığılıb bizə.
Neçə qəhrəmanın adı, şöhrəti
Gəlir nağıllarla məclisimizə.
Budur, sinədəftər qocalar yenə
Enir tarixlərin dərinliyinə...
Kimi Koroğludan, kimi Babəkdən,
Kimi də Gülgəzdən, Abbasdan deyir:
Sözlər bulaq kimi axır ürəkdən,
Hər qoca bir nağıl, bir dastan deyir...
Aşıqdan danışan aşıqdır sanki,
Coşur şair kimi şairdən deyən.
Bir qoca, Tomrisdən elə deyir ki,
Sanırsan evində qonaqmış dünən.
(İndi duyuram ki, el ürəyində
Neçə duymadığım əsərlər yatır.
Bəlkə də onunçün şerə, sənətə
Əlim az yetişir, ünüm az çatır).
Belə axşamlarda adətdir, hər kəs
Gərək söhbət aça, danışa, dinə.
Pəncərə yanından ucalan bir səs
Məclisə xoş söhbət gətirir yenə:
-Ə, Qədir, keçmişdən bir əl çəksənə,
Qarnı ac gününmü dad verir sənə?
Bu gündən, bu gündən bir danış görək.
Bu gün qazanılır yediyin çörək,
De, o adamqıran atomdur, nədir...
-A kişi, o böyük bir xəzinədir.
Deyirlər, bir tikə qoysan bir dağa
Əriyib çevrilər qara torpağa...
-Görəsən, əriyər “Gəlin qayası”?
Yerində dağ ola taxıl tayası?
-Yayda İşıqlının qarı hayıfdır,
Ona dəyməyələr barı, hayıfdır...
-Bir ovuc İşıqlın kimə gərəkdir,
O, buz dağlarını əridəcəkdir.
-Qardaş, mat qalmışam bu texnikaya,
Aya uçacaqlar deyirlər, Aya.
(Diksinir bu sözdən gödək Fərzəli,
Baxır ona tərəf üzündə əli).
-Yox, ə, inanmıram, bu ola bilməz,
Bəs Aya dəysələr uçub tökülməz?
-Ay sənin babanın daxmasıdır, ə,
Külək əsməmişdən sovrula göyə?
Deyirlər, bir yekə dünyadır o da,
Bəlkə adamlar var sənin boyda da...
-Dədən cır Kərimdən boysuzam, yəni,
Yovşandan asardı ov tüfəngini...
Onların sözündən gülüşür hamı,
Daha da qızışır söhbət axşamı.
Kəndin adətindən yaxşı halıyam,
Mən də bu məclisdə danışmalıyam.
Hanı o qüdrətim el arasında,
Bir damla su nədir sel arasında?
Bəlkə də hər sözüm quruca səsdir,
Bir kəlmə deməmiş, deyirlər “bəsdir”.
Bir də ki, bu gecə mənə gərəkdir,
Sabah başqa söhbət keçiləcəkdir,
Odur ki, duraraq bu gecəliyə
Məclisdə təzə bir adət açıram.
Artıq gecə keçir, yorğunuq -deyə,
Şirin bir yuxudan söhbət açıram.
Deyirlər:- Bəs niyə danışmadın sən,
Niyə tüstüləndin, alışmadın sən?
Yoxsa çevrilərək axarsız suya,
Əbədi yar dedim yatağıma mən.
Yox, verib onları şirin yuxuya,
Keçdim yazmaq üçün otağıma mən...
1956.
QONŞU GƏLİNİ
Qarşı pəncərənin önündə bəzən
Durub sevgilini gözləyəndə sən,
Alır qucağına xəyallar məni,
Rahat buraxmayır suallar məni.
İnsan da bu qədər cüt yaranarmış
Həyatın nə incə sirləri varmış!
Baxıram, elə bil üzü üzündür,
Baxışı baxışın, gözü gözündür...
Bəlkə görməmisən həmin qızı sən,
Nə ola görəsən toyumuzu sən!
Hörmətlə sıxaram onda əlini,
Ay qonşu gəlini, qonşu gəlini...
Həyatın nə incə sirləri varmış,
İnsan da bu qədər cüt yaranarmış...
Lakin qısqanclığın üzü yamandır,
Sevgilin küsməsin məndən, amandır...
Mən sənə baxmıram gözəlsən,- deyə,
Demirsən, bəs niyə baxıram, niyə?
Ay qonşu gəlini, mən utanıram
Deyəm sənə:- Baxıb onu anıram.
1955.
GÖRÜŞMƏMİŞ DOSTLAR
Gecə vaxtı Böyükdüzdən.1
Tələsik də keçsən əgər,
Qəlbin sənə bir anlığa
“Qəlbsiz olma, dayan”- deyər.
Yaxşı baxsan sahil boyu
Mürgüləyən lal gecəyə,
Görərsən ki, bir vadidə
İki ocaq salmış iki
xal gecəyə.
Görərsən ki, sol sahildə
Bizim kəndin baş çobanı
Əmir dayı
Ocağına dəm verərək,
Elə bil ki, göndərir o
Öz dostuna alov payı...
O taydakı dostu isə
Dirsəklənib dövrəsində
Alovlanan ocağının,
Tütək çalır dalğın-dalğın...
O çobanlar neçə ildir
Görüşmədən dost olmuşlar,
Yaylımları bir başlanar,
Ocaqları bir alışar.
Birisinin arxacına
Qurd təpilsə gecə yarı,
O birinin itləri də
Hücum çəkər çaya sarı.
İki sürü bir sulanır
İki dostu ayrı salan
Lilli çaydan.
Həzin tütək səsləriylə
Salam verir bir-birinə
O, o taydan, bu, bu taydan...
Bəzən yayır tütəkləri
Araz boyu Araz kimi
İki qəlbin nidasını.
Bəzən onlar bir çalırlar
“Gəl ey bənək” havasını...
Yaz olanda hər ikisi
Sürüsünü dağa çəkir,
Bir vadidən biri sola,
O birisi sağa çəkir.
Qış olanda sahil boyu
Bir qışlağa enir onlar.
Xan Arazdan biri sağda,
Biri solda tutur qərar.
Yenə hər kəs tütəyində
Söhbət açır yaylağından-
Savalanın dumanından,
Salvartının qaymağından...
Biri deyir qəhrəmanlıq
Nişanıyla dönmüşəm mən,
Biri deyir, nişanını
Dərd asıbdır ürəyimdən.
Birisinin otardığı
El vardatı, el malıdır.
Birisinin var-dövləti
Yalnız fikri, xəyalıdır.
Lakin ürək deyənləri
Tütək açıb deyə bilmir.
Bəlkə dostlar bir-birini
Bir dost kimi duya bilmir.
Neçə ildir bir vadidə
Görüşməmiş dostdur onlar.
Ürəkləri bir olsa da,
Aralıqda bir olmayan
Geniş dövlət sərhəddi var.
Hərdən deyir mənə ürək:
“Dostlar nə vaxt görüşəcək?”
Mən onların görüşmədən
Dostluğundan dedim ancaq.
Onların ilk görüşünü
Tarix özü danışacaq.
1956.
SƏHƏR-SƏHƏR
Baharın nə gözəl çağları gəlmiş,
Bülbülü çağırır gül səhər-səhər.
Vətənin eşqiylə dil açıb yenə
Könlümün sazında tel səhər-səhər.
Çıxır meşəlikdən talaya əlik,
Səkir daşdan daşa xınalı kəklik.
Şehdən muncuq düzür güllük, çiçəklik,
Gəlinə bənzəyir çöl səhər-səhər.
Gedirəm tələsik tarlaya sarı,
Hamıdan tez gələ o qız da barı.
Sinəsi qartallı qayalıqları
Əks edir sonalı göl səhər-səhər.
Sevda yolçusunun xəyalına bax,
Sənsiz əfsanədir gözəllik ancaq.
Ey günəş üzlü yar, günəşdən qabaq
Yoluma nur çilə, gəl səhər-səhər.
1957.
DƏNİZÇİ
Dedilər: -- “Dincəlmək vədəndir artıq,
Daha qocalmısan, təqaüdə çıx.
Qoca dənizçinin qaraldı qanı,
Fikrinə boranlar, yellər qarışdı.
Dəniz qasırğası, dəniz tufanı
Onu bu söz qədər sarsıtmamışdı.
Oturub gəminin göyərtəsində,
Əlini dizində daraqladı o.
Sanki göy dənizin göy sinəsində
Keçən qırx ilini varaqladı o.
Qəlbində gəncliyin ilk arzuları,
Min dəfə duruldu, bulandı bu dəm.
Qırx il dolandığı mavi suları
Onun xəyalları dolandı bu dəm.
Çırpındı ürəyi, titrədi əli,
Hanı fırtınalı su yaran çağı?
Sahildən-sahilə neçə gözəlin
Qəlbini özüylə aparan çağı?!
Axan su, ötən gün qayıtmaz geri,
Bu sirri babalar danışdı getdi.
Bəlkə də o coşğun gənclik illəri
Coşqun dalğalara qarışdı getdi.
Dalğalar qoynunu tərk etdi qoca
Əbədi əlvida demədi ancaq.
Dedi: -- Mən dünyadan ayrılmayınca,
Ürəyim dənizdən ayrılmayacaq.
Dayandı sahildə hər axşam-səhər,
Qoca eşqə gəldi, ilhama gəldi.
Elə bil dil açıb dilsiz ləpələr
Köhnə sirdaşını salama gəldi.
Onu uzaqları çəkdikcə xəyal,
Sevinc də duyurdu, qəm də yeyirdi.
Fəzalara uçan bir qoca qartal
İndi uçanları seyr eləyirdi.
Qopdu qasırğa da, pülədi qar da,
Səslədi qocanı hər səda, hər səs.
Yox, onu dənizdən ayırsalar da,
Sahildən ayıra bilmədi heç kəs.
1958.
KƏKLİK
Nə səkirsən narın-narın
Yenə daşdan-daşa, kəklik?
Könlüm istər nəğmən kimi
Bircə nəğmə qoşa, kəklik!
Sinən altı sal qırmızı,
Ayaqların al qırmızı.
Dimdiyində xal qırmızı
Yanar qoşa-qoşa, kəklik!
Niyə təksən, danış əzəl,
Dağlar qızı, xallı gözəl...
Bir vəfalı yar ilə gəl
Vuraq ömrü başa, kəklik!
Dağlar qoynu çiçək-çiçək,
Mən gedirəm, getmir ürək.
Uç Məmmədin xəyalı tək,
Bu dağlarda yaşa, kəklik!
Şah yaylağı,
iyul, 1956.
PALID
Sevgilim, o qoca palıda bir bax,
Yenə puçurlayıb onun budağı.
Yadına gəlirmi iki il qabaq
O ilk görüşümüz, o bahar çağı?
Durmuşduq dibində o palıdın biz,
Ətrafda min rəngli çiçək var idi.
Çırpınan, titrəyən bizim qəlbimiz,
Bir də o palıdın yarpaqlarıydı.
Görüb neçə bahar, qış havasını,
Durur qoca palıd bir xatirə tək.
Min yol dəyişsə də, o libasını,
Bizim ilk sevgimiz dəyişməyəcək!
1955.
AYRILIQ
De niyə dalğınsan, dərdin var kimi,
Alıb qucağına fikirlər səni?
Ötən tələbəlik illərinəmi
Şirin xatirələr çəkirlər səni?
Sevdiyin o qızmı düşür yadına?
Nədənsə ilk eşqi unutmur insan.
Utancaq bir səslə bəlkə də ona
Könül açdığını xatırlayırsan?
Söylə, ayrılığı duyurmu ürək?
Axı biz ayrılmaz sirdaşlar idik.
(Bir məslək yolunda birləşdirərək,
Sən bizi dost etdin, ey tələbəlik!)
Dostum, institutun pillələrində
Mənim də, mənim də izlərim vardır.
Gəzdiyin bu zalın lövhələrində
Hələ silinməmiş sözlərim vardır.
Bəzən mürgüləmiş gecənin özü,
Mən sirdaş olmuşam öz xəyalıma.
Ələyib seçmişəm neçə min sözü,
Cavab tapmaq üçün bir sualıma.
Hərdən düşündükcə çatılır qaşım,
Təhsil illərinin başqadır dadı.
Bu illər ərzində, ey qəlb yoldaşım,
Bizim bir sözümüz ayrı olmadı.
(Bəxtiyar olaram öz istedadım
O gündən bir lövhə yarada bilsə.
Toz-duman içində qoy itsin adım,
İlhamım bir şerə qadir deyilsə.)
Böldük duyğumuzu, şadlığı, qəmi,
Bir oldu fikrimiz, əməllərimiz.
Bu gün, məslək dostu, könül həmdəmi,
Artıq vidalaşır dost əllərimiz.
Duyub ayrılığı çırpınır ürək,
Axı biz ayrılmaz sirdaşlar idik.
(Bir məslək yolunda birləşdirərək
Sən bizi dost etdin, ey tələbəlik!)
Dostum, düşünmə ki, ayrılırıq biz,
Doğrudur, gün gəlib ötüşəcəkdir.
Bir məna daşıyan saf əməlimiz
Həyat məktəbində görüşəcəkdir.
1954.
ŞERİM
Gənc qələm yoldaşlarıma.
Yaş ötüb, ayılıb görürsən bir vaxt
Heç nə yazmamısan, ömür yarıdır.
Alnına yazılan qırışlar ancaq
Ömrünün şikayət misralarıdır...
Tələsik qələmi alırsan ələ,
Ürək də titrəyir əllərin kimi.
Lakin görünürsən Vətənə, elə
Sən də yazılmamış əsərin kimi.
Bəzən quşa dönür saat da, an da.
Axşam gəzdiyini səhər tapırsan.
Elə də olur ki, baxtın tutanda
Daş axtaran yerdə gövhər tapırsan.
Kainat deyimmi mən şerə, sözə!--
Onun min düyünü, min açarı var.
Onu duya bilməz ondakı közə
Qəlbində köz töküb alışmayanlar.
Bəli, duy bunları, ey şair yoldaş,
Səsini kəsməsin hər ötəri səs.
Nəhrin qabağına atılan bir daş,
Onun sürətini saxlaya bilməz!
Duy ki, tüğyanında boranın, qarın
Odlu bir ürəklə yazan olubdur.
Çox zaman nəşədən dəm vuranların
Əsəri, nəşələr pozan olubdur.
Söz gərək ox keçməz qayadan keçə,
Yoxdursa sözünün kəsəri,-- yazma,
Özün sevməyincə, sevilməyincə,
Özgədən məhəbbət əsəri yazma.
Eyb etməz uçuşda yıxılsan bir an,
Təki deməsinlər qanadsız quşdur.
Göyləri fəth edən bir ana tərlan
Kim deyir balaykən yıxılmamışdır.
Şerim, çox danışdım, deyəsən, bir az,
Sən niyə susmusan, -- danışan mənəm?
Yox, şer ocağı alovsuz olmaz
Alışdıran sənsən, alışan mənəm.
Şerim, el sazında mizrab vur telə,
Onsuz da ötəri ötən az deyil...
Özləri dünyadan getməmiş hələ
Adları dünyadan gedən az deyil.
Elin nəfəsidir ən böyük əsər,
Duysam da, özümü öyə bilmərəm.
Yüz bülbül səsi də mənə versələr,
Elsiz bir nəğməni deyə bilmərəm.
Şerim, şimşəklərdən qanad istə sən,
Yerəsə insanın nəfəsiylə gəl.
Dünyada bir damla olmaq istəsən,
Dünyaya sən ümman həvəsiylə gəl.
1956.
ÖTƏN GÜNLƏR
Gəl daha tənəli sözlərdən əl çək,
Olub-keçənləri gətirmə yada.
Bəzən yarıkönül gülümsəyərək,
Hər sözü-söhbəti üzə vurma da...
Bu sorğu-suallar nəyə gərəkdir,
Gərək unutmağı bacara insan.
Canın dağ da olsa, əriyəcəkdir
Hər günün dərdini ürəyə yığsan...
(Ey qadın ürəyi, ey sirli dilbər,
Bir xəzan görməsin gülün, gülşənin!
Deyirəm, inamsız olduğun qədər
İnamın olaydı dünyada sənin...)
Fikirli görürəm səni hər axşam,
Məni eşqimizə yadmı sayırsan?
Bəlkə gözəlləri unudub tamam,
Səni sevdiyimə inanmayırsan?
Doğrudan ömrümdə faciə vardı,
Uydum gözəlliyə, uydum əzəllər;
Məni də zəhmətdən, işdən ayırdı
Zəhmətsiz gözəllər, işsiz gözəllər...
Alıb “oynatdıqca” qəlbimi onlar
Xəyalım, ilhamım yerində saydı.
Şersiz, nəğməsiz ötən bu anlar
Bir şair ömrünə yazılmayaydı...
Sonralar yandırıb-yaxır insanı
Ötəri əyləncə, ötəri həvəs.
İnan ki, ehtiras aldatmayanı
İnci də, kövhər də aldada bilməz.
Hələ də göynəyir ağrının yeri,
Vaxtında onları oda yaxmadım.
O qansız, duyğusuz daş ürəkləri
Vaxtında qoparıb daşa çaxmadım.
Vaxt oldu qapıldım nifrət hissinə,
Od alıb, alışdı qəlbimin başı.
Mərhəmət gətirdi könlümə yenə
Yalan sevgi nazı, saxta göz yaşı.
Hərdən düşündükcə o günləri mən,
Ürək də sinəmdə tufan qoparır.
Sevgilim, “min ilin dərdini bəzən
Bir anın sevinci yuyub aparır”.
Silinsin qəlbindən qəmlər, düyünlər,
Yüz ilin, min ilin sorağı kimi.
Ömrün budağından qopdu o günlər
Saralmış bir payız yarpağı kimi.
Gəl daha tənəli sözlərdən əl çək,
Olub-keçənləri gətirmə yada.
Bəzən yarıkönül gülümsəyərək,
Hər sözü-söhbəti üzə vurma da...
Gəl yenə söhbət aç saf eşqimizdən,
Tək səni ömrümün günəşi saydım.
Bəlkə də seçməzdim yaxşını pisdən
Həyat yollarında yanılmasaydım...
1956.
BİR SƏNİN EŞQİNLƏ...
Yenə varaqlandı könül kitabım
Bir sənin, bir sənin eşqinlə, gözəl!
Düşündüm gül açır, bülbül oxuyur
Bir sənin, bir sənin eşqinlə, gözəl!
Sinəmə bir eşqin sazını asdım,
Hər könül nəğməmi o dedi, yazdım.
Çox eşqin səsinə qulaq da asdım
Bir sənin, bir sənin eşqinlə, gözəl!
Gah odsuz, alovsuz pərvanə oldum,
Eşqinlə güləcək divanə oldum.
Bəlkə yüz gözələ biganə oldum
Bir sənin, bir sənin eşqinlə, gözəl!
Qəm-kədər üzünə tutanda pərdə
Qəmləndi çaylar da, şəlalələr də.
Sandım-doğur günəş, gülür səhər də
Bir sənin, bir sənin eşqinlə, gözəl!
Sənsiz bir anıma dedim bir ildi,
Dərdimi nə bacı, nə ana bildi...
Məhəbbət önündə qəddim əyildi
Bir sənin, bir sənin eşqinlə, gözəl!
1956.
UNUDA BİLMİRƏM
Terek sularını seyrə dalaraq,
Öz ilk sevgilimi anıram yenə.
Bu yaşıl sahildə neçə il qabaq
Yandığım kimi də yanıram yenə.
Od alır qəlbimdə hisslər, duyğular
O son ayrılığı saldıqca yada.
Deyin sevgilimi, deyin, ey sular,
Ayrılıq üçünmü sevdim dünyada?!
Susdu bu sahildə o qızın səsi,
Güllər, çiçəklər də başını əydi.
Sevgilimə deyən düşmən gülləsi
Sandım ki, mənim öz qəlbimə dəydi.
Bu mavi sulara son dəfə baxdı,
Əbədi yumuldu o mavi gözlər
Axdı ləpələr tək, süzülüb axdı
O dalğın baxışlar, səmavi gözlər...
Fəqət biz susmadıq, biz coşduq yenə
Vətənin Lenası, Volqası kimi.
Hissəmiz sahildən düşmən üstünə
Axdı bir intiqam dalğası kimi.
Dedim, o ölsə də qəlbində zəfər
Ölmədi arzusu, eşqi, sevdası.
Topların səsində Berlinə qədər
Getdi onun səsi, onun sədası...
Çox illər keçibdir həmin o gündən
Odla nəfəs almır bu torpaq, bu su.
İndi bu sahildə duymayıram mən
Mərmi vıyıltısı, barıt qorxusu.
Elə bil rəngini dəyişir yer də,
Dava, qan görməyib sanki bu diyar.
Sahil boyundakı kənddə, şəhərdə
Nə sınıq pəncərə, nə uçuq ev var.
Təzə ot bitirib qoynunda o vaxt
Səngər qurduğumuz təpələr belə.
Traktor səsiylə salamlaşaraq,
Yeni nəğmə deyir ləpələr belə.
Lakin mən yenə bir döyüşçü kimi
Anıram o keçən illəri bir-bir.
Ölən sevgilimi, ölməz eşqimi
Ürəyim unuda, unuda bilmir.
1956.
RƏFİQƏLƏR
Nələr xəyalımı oynatdı, nələr,
Dindi könül sazım bu səhər yenə.
Qızlar, o cüt qızlar, o rəfiqələr
Gəlib küçəmizdən keçdilər yenə.
Görürəm birinin gözü məndədir
(Gözünün vəsfini salmıram yada.)
Birinin söhbəti, sözü məndədir,
Mənimlə bir kəlmə danışmasa da.
İnsan bir baxışla vurulur bəzən,
Bir anın eşqi də ötəri olmur.
Elə də olur ki, sevildiyindən
Sevilən adamın xəbəri olmur.
Mənə vurulmuşdu mənə baxan qız,
Qəlbini dindirən sevgi səsiydi,
Lakin bilmirdi ki, o mehriban qız
Sevdiyim özü yox, rəfiqəsiydi.
1956.
ANA TORPAQ
Ana torpaq, ana torpaq!
Dilə gəldi sazım yenə.
Qoy eşqini varaq-varaq
Ürəyimə yazım yenə...
Sənin qoynun bir asiman-
Dolanmağa xəyal gərək.
Göylərini seyrə çıxan
Bir qocaman qartal gərək.
Ana torpaq! Bəs bu ada
Məni çəkən hikmət nədir?
Sanıram ki, bu dünyada
Sənsiz hər şey əfsanədir.
Sənsiz keçən bircə günü
Neçə min il sanaram mən.
Sənsiz olsam, göy mülkünü,
Yer şarını danaram mən.
Ana torpaq, ana torpaq!
Bir oğluyam doğma yerin,
Arzularım qucaq-qucaq,
Məhəbbətim daha dərin...
Ana torpaq, küləklərin
Rübabımdır, avazımdır.
Bu nəğməkar göy Xəzərin
Ömrüm boyu bir sazımdır.
Sənin qoynun bir güllü yaz,
Nələr yazım bu yaz haqda.
Sənin eşqin vəsf olunmaz
Beş varaqda, on varaqda.
Hələ sənin qucağını
Gəzməmişəm qarış-qarış.
Hələ Ural fəhləsiylə
Şer səsim yarışmamış.
Hələ nəğməm oyatmayıb
Koryakları Amur kimi.
Qələmim də bərkiməmiş
Tayqanın buz dağlarını
Parçalayan dəmir kimi.
Qara dəniz sahilində
Qışda çiçək dərməmişəm.
Ob üstündə xizək sürən
Nen qızını görməmişəm.
Saxalində, Kamçatkada
Olmamışam nə yaz, nə qış.
Karpatların yaz yağışı
Saçlarımı islatmamış.
Çox elləri görməmişəm,
Görməmişəm, bir də nə qəm,
Bu torpağı çox sevirəm,
Öz qəlbimdən, öz canımdan.
Mənim könlüm həyəcanımdan,
Volqanı duy, Kürü dinlə!
Ana torpaq, körpəlikdən
Nəfəs aldım nəfəsinlə.
Ana torpaq, mən sevirəm,
Hər qışımı, hər yazımı.
Mən sevirəm Qafqazımı
Südəmər bir körpə uşaq
Anasını sevən kimi.
Mən sevirəm Muğanımı
Bala tərlan yuvasını
sevən kimi.
Ukraynanı görməsəm də
Dnepri, Şevçenkonu
sevirəm mən.
Arazımda Nizamilər
Füzulilər nəğməsi var.
Volqamdasa Lermontovlar,
Nekrasovlar nəfəsi var.
Ana yer, sən sədəfli saz,
Mən nə deyim bu saz haqda.
Sənin eşqin vəsf olunmaz
Beş varaqda, on varaqda...
Ana torpaq, qüdrətini
Vəsf eləyən şair varmı?
Sənin dərya şeriyyətin
Bir ürəyə sığışarmı?
Bülbül olsam, ömrüm boyu
Bağlarını dolanardım.
Qartal olsam, başı qarlı
Dağlarını dolanardım.
Külək olsam, çöllərinin
Saçlarını darayardım.
Aranına od yağanda
Bir məsrəfə yarayardım.
Günəş olsam, səndən ayrı
Alışmazdım bir an belə.
Bir damla da sayılmazdım
Sənsiz olsam ümman belə.
Bulud olsam, hər düzünə
Bir coşğun çay bəxş edərdim.
Öz eşqimi naxış-naxış
Hər daşına, hər qayana
nəqş edərdim.
Şimşək olsam, dar günündə
Enib yerdə çaxardım mən.
Düşmənini bir andaca
Yandırardım, yaxardım mən.
Şahin olsam, göylərində
Yüz il, min il süzərdim mən.
Sinənə nur səpmək üçün
Ulduzları qanadıma
düzərdim mən.
Yox, ana yer, qələmin də
Öz gücü var, öz adı var.
Şerin, sözün şahinləri
Yoran xəyal qanadı var.
Yox-yox, mənim söz tərlanım
Şimşəklərlə ötüşəcək,
Mənim şer yelkənimə
Dərya gərək, ümman gərək...
Ana torpaq, əzəl gündən
Gül-çiçəkli yazım sənsən.
Ömrüm boyu könül səsim,
Bir də könül sazım sənsən.
Ana torpaq, qüdrətini
Vəsf eləyən şair varmı?
Sənin dərya şeriyyətin
Bir ürəyə sığışarmı?
1957.
İKİ SƏS
Yenə də ağ varaq gərəkdir mənə,
Yazıb-pozduqlarım xoşuma gəlmir.
Neçə söz ələyib, seçsəm də yenə
Qəlbim istəyən söz başıma gəlmir.
Könül sevdiyini sevəsən gərək,
Kiçik bir şer də könül varıdır.
Bu axşam bayırda at çapan külək
Sanki xəyalımın qanadlarıdır.
Ürəyim söz üstə yanır bayaqdan,
Ömrünü şerə ver, şerə qat deyir.
Anamsa dillənib qonşu otaqdan,
-- Oğul, dincəl, -- deyir- oğul, yat-deyir.
Ürəkdən nur alır hər ev, hər ocaq,
Onunmu səsinə qulaq asım mən.
Ana yuxusuna haram qataraq,
Bəs necə düşünüm, necə yazım mən?
Anam bilməyir ki, şair olan kəs,
Odlu söz tapmayır oda yanmasa,
Bir də ki, şairə şair deyilməz
Hamıdan gec yatıb, tez oyanmasa.
Oğul dincliyini axtarır ana,
O bilmir bir dolan buluddur ürək --
Minillik bir yuxu versən də ona,
Yenə boşalmasa dincəlməyəcək.
Ürəyim söz üstə yanır bayaqdan,
Ömrünü şerə ver, şerə qat deyir.
Anamsa dillənib qonşu otaqdan,
-- Oğul, dincəl, deyir,- oğul, yat,- deyir.
İki səs şairi çağırır bu dəm,
Necə yuxulayım, necə yazım mən...
Boşal kağız üstə, boşal, ey sinəm,
Qoy iki səsə də qulaq asım mən!
1956.
SEVGİ NƏĞMƏSİ
Bir sevgi nəğməsi yaradım deyə,
Bu axşam bulanıb, duruluram mən.
Onu düşünərkən bilmirəm niyə
Başqa bir nəğməyə vuruluram mən.
Kiçik bir mahnını bəstələyincə
Xəyalın min eli dolansın gərək.
Sevən bir ürəyin səsini necə,
Necə dinləməsin sevən bir ürək...
Yenə dillənirsən qonşu otaqdan,
“Sus” demək gəlmir dilimdən, ay qız.
Dalmışam nəğmənə yenə bayaqdan,
Almısan nəğməmi əlimdən, ay qız.
Elə bil, deyir ki, qopan bir səda,
“Divar aramızda daşdan olsa da,
Gərək daş olmaya ürəklərimiz,
Bir varaq eləyək iki qəlbi biz”.
Susuram önündə o şeriyyətin,
Ürəyim dolsa da, ağ qalır kağız.
Qələmsiz, kağızsız ilk məhəbbətin
Yazır nəğməsini qəlbimə o qız.
1957.
O BAXIŞLAR...
O, məni görərkən dayandı bir an,
Dalğın baxışları mənə tanışdı...
Eşqin mənasını duyduğum zaman
Məni o baxışlar yaralamışdı...
İndi o dayandı, sözü var kimi,
Mən yana baxsam da, o mənə baxdı.
Elə bil sıxlaşan buludlar kimi
Bu saat sinəsi boşalacaqdı...
Dilində üç dəfə səsləndi adım,
Sanki öz adım da çıxdı yadımdan.
Onu dindirmədim, danışdırmadım,
Getdi, yaralanmış getdi yanımdan.
O getdi, sahilə baxdım bir qədər,
Mən orda açmışdım ona qəlbimi.
Dayandı gözümdə dalğalı Xəzər,
Mənim ilk eşqimin şahidi kimi...
O çağlar xəyalda yaşadı yalnız,
Aldı məhəbbəti şöhrətmi, nəmi?
Başqa birisinə uyaraq o qız,
Oduna yandırdı odlu sinəmi.
Bəs indi qarşımda dayandı nədən,
Yenəmi, ürəyi məndə qalırdı?
Bəlkə bir röya tək çəkilib gedən
İlk eşqi, ilk andı xəbər alırdı.
Bəlkə öz işindən peşmandı, nahaq
Əl verib, onunla barışmadım mən.
İlk eşqi qəlbindən çıxarıb nə vaxt
Necə atdığını soruşmadım mən...
Bəlkə ürəyinə yol tapıb kədər,
Mənimlə bölüşmək istədi bir az...
(Könül, təəssüfə qapılma hədər,
Axan su bir daha geri qayıtmaz...)
O gündən bəridir həftələr, aylar
Ömrümdən-günümdən gəlib şən keçir.
Lakin düşündükcə, bulanıq çaylar
Sanıram kükrəyib qəlbimdən keçir.
Deyirəm özümü danlayım barı-
Ürəyi ürəkdən araladım mən.
Məni yaralayan o baxışları
Niyə yaraladım, yaraladım mən?!
1955
DOSTLUQDAN YAZIRAM...
- Bilirsən, təzə bir əsər yazıram,
Eh, nələr düşünüb, nələr yazıram...
Hər sözü incidir, hər sözü haqdır,
Adamı göylərə qaldıracaqdır.
Həyatı mənim tək duyanlar gərək!
Dostluqdan yazıram... nə olur... görək...
“Dostluqdan...” dedikdə danışmadım mən,
Onun öz aləmi keçdi gözümdən:
“Ömründə heç kimə dost olmayan kəs
Hansı bir dostluqdan əsər yazır bəs?”
1960
MUĞANIN ŞİKAYƏTİ
Bu düzləri düz keçin,
Haraysız, səssiz keçin.
Şirvanda ov gəzməyin,
Mili tüfəngsiz keçin:
Ceyran azalıb,
Yaman azalıb!
Güllə səsi gəldimi
Güllə tək süzüb gedər.
Bir şer sətri kimi
Çöllərdən küsüb gedər...
Ceyran azalıb,
Yaman azalıb!
Gözündə gözü qalan
Bulaq da gileylənir.
Qanıyla xal-xal olan
Torpaq da gileylənir:
Ceyran azalıb,
Yaman azalıb!
Belə gedərsə ancaq
Gələn nəsillər sabah
Ceyranı çöldə deyil,
Muzeydə axtaracaq,
Ceyran azalıb,
Yaman azalıb!
1961
QONŞU
Ömründə açmadı özgə bir qapı,
Süfrəsi görmədi nə dost, nə qonaq.
Beləcə bağlandı ömür kitabı,
Beləcə bağlandı, açılmayaraq...
Arvadı ağladı, yığıldıq yasa,
Biz ona rəhmət də deyib baş əydik.
Həyət qol çırmadı, düşmən də olsa
Yenə qonşumuzdu, dəfn etməliydik.
Sükut bir səs yaydı ürəyimizə:
Diri görmüşdükmü ölən adamı?
Öləndə tanıdıq qonşuymuş bizə
Otuz il qonşumuz olan adamı...
1960
QOCA VƏ DƏNİZ
E.Xemenqueyin ölümünə
Saçları -- rənginə bənzər,
Səsi -- ahənginə bənzər,
Yatağı -- sinəsi olan,
Ləpəsi -- nəğməsi olan
Bir dəniz yaratdı qoca.
O, sərhəd bilmədən üzdü,
Üzdü qitələr boyunca...
Tale fırtına yaratdı,
Avar düşdü, qayıq batdı...
Fəqət sahil daşlarına
Həkk olunan bir iz qaldı:
“Qoca getdi, dəniz qaldı...”
1961
NOBEL MÜKAFATI
Nobel mükafatı.... Yazdı qəzetlər,
Ucaldı bu adla kiminsə adı.
Oslodan, Parisdən, Madridə qədər
Nobel şərəfinə tərif yazıldı.
Dayan, tərifini burdaca saxla!
Məst olma böhtanlar xülyasında sən.
Geri dön, tarixi bir an varaqla,
Gör onu həqiqət aynasında sən.
Kimindir o qızıl, kimindir o var,
Niyə tərifində bundan deyilmir?!
Gözlər qamaşdıran o parıltılar
Babamın gözünün nuru deyilmi?!
Gör kimin evinin daşı, divarı
Soyulub kim üçün cəh-cəlal oldu.
Sorulub Bakının şah damarları
Nobel banklarında kapital oldu.
Tarix hökm elədi, qaranquş kimi
Bahara səslədik bu elləri biz.
Sapanda qoyulan qara daş kimi
Atdıq yurdumuzdan nobelləri biz.
Tarix haqqımızı qaytardı geri,
Sorulan qanımız qayıtmaz artıq.
Bizi səsləyəndə döyüş illəri
Ayılıb gördük ki, gec ayılmışıq...
Bir günlük varımı qaytarsan bir an
Yurdumda min yeni şəhər yaranar.
Çıxarsan neftimi sandıqlarından
Alpın ətəyində Xəzər yaranar...
Demirəm dayandır mükafatını,
Deyirəm çıxarma bunu yadından;
Kimin alın təri, ürək qanını
Mükafat verirsən kimin adından!
1960
ƏLVİDA, DAĞLAR!
Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.
Dalımca su səpir yoxsa buludlar? --
Leysan, salamat qal, yağ, salamat qal!
Qıy vuran qartallar yox oldu çəndə,
Nərgizlər saraldı şehli çəməndə.
Ey qaragöz pəri, dalımca sən də
Boylan, salamat qal, bax, salamat qal!
Gəldim, qarşıladı güllər-çiçəklər,
Gedirəm, əl edir boz biçənəklər.
Nidamı çaylara dedi küləklər:
Bulan salamat qal, ax -- salamat qal!
Dağların pələngi, şiri də sənsən,
Şairi də sənsən, şeri də sənsən.
Varı, bərəkəti, xeyri də sənsən --
Çoban, salamat qal, sağ-salamat qal!
1962
NAMƏLUM QƏHRƏMAN
Sən dəniz qoynunda, dəzgah dalında
Tarlada, zavodda... hər yerdə varsan.
Şöhrət paylananda, ad paylananda
Nə şöhrət umarsan, nə ad umarsan.
Səninçün meyarı şöhrətin, şanın
Nə medal, nə də ki, tərif - yazıdır.
Sənin aləmində hər qəhrəmanlıq
Bəlkə də ən adi iş normasıdır.
Demirsən yolunda xalqın, vətənin...
Demirsən. Sanmayaq fikrin donubdur,
Bu hisslər qanınla yeriyib sənin
Qəlbinə, beyninə həkk olunubdur.
Haray da salmazsan düşsən dara sən;
Özgənin dərdinə dərman əlində...
“Can-can” demədiyin adamlara sən
Canını verərsən yeri gələndə.
Əlindən zəmilər, bağlar boy alır;
Şöhrətin işindir, söhbətin deyil.
Neçə mərtəbəli, neçə boyalı
Çıxışlar, vədələr adətin deyil.
Bəs niyə az görür səni şerimiz?
Əlini sıxmırıq bir iftixarla.
Arayıb seçirik adamları biz
Bəzən də toz basmış siyahılarla.
Şair, ürəyini bircə anlığa
Bu adi adamlar yolunda yandır.
Ən böyük qəhrəman, qəhrəmanlığa
Əvəz istəməyən, pay ummayandır...
1964
GÖY GÖL
Çiskinli bir gündə gəldim bu yerə,
Dumanda görünməz - dumandı Göy göl.
Tənha qayalara, lal meşələrə
Zülmət gecələrdə hayandı Göy göl.
Bir səhər gördüm ki, durulub yatır,
Kəpəzin dibində burulub yatır.
Qovulan ceyran tək yorulub yatır,
Daş atdım, diksinib oyandı Göy göl.
Döşünü qayıqlar düymə tək bəzər,
Dedim bu görkəmlə Xəzərə bənzər -
Qızını yaylağa köçürüb Xəzər;
Baxdı, cilvələndi, nazlandı Göy göl.
Yel əsdi, yarpaqlar suya töküldü,
Göy çitə tünd sarı güllər tikildi...
Buludla ağladı, günəşlə güldü,
Deyəsən bir kövrək insandı Göy göl...
Sentyabr, 1964
OD
Vəhşilik dişini çəkdi çiy ətdən --
Elə ki, dünyada od aldı insan.
Təkcə işıq deyil, bu təbiətdən
O gün ləzzət aldı, dad aldı insan.
Bəlkə o qələbə, o kef, əyləncə
Neçə mağarada əks olub qalır.
Bəşər tarixinin ilk günü, məncə
İnsan od aldığı gün olmalıdır.
Od aldı insanın əli ağacdan,
Çıxdı od içindən ox da, qılınc da.
Qalxdı təbiətlə vuruşa insan
Qaranlıq gecədə, ayazlı qışda.
Od aldı insanın əli, bu əllər
Fikrə də, qəlbə də od yükü çatdı.
Kürələr içində qovruldu əllər,
Əllərdən yapışan maşın yaratdı.
Od aldı insanın əli, bu oddan
Min toplu, tüfəngli hissə də doğdu.
Deyirəm, bəlkə də, elə bu oddan
Bu odu söndürmək hissi də doğdu...
Od - gülüş, təbəssüm, uşaq səsində,
Od - fikir, xəyaldır, şən arzulardır.
Fəzanın bugünkü xəritəsində
Neçə gəmimizin od yolu vardır.
Ey bəşər, dünyanın mayası oddur,
Od alıb bu odun keşiyində dur!
İtirər tapdığı bu odu insan
Sən hərbin odunu oğurlamasan.
1964
QADINLAR
Məni səcdəsinə gətirər biri,
Qoynunda gül kimi bitirər biri.
Od olub əridər, itirər biri...
Elə ki, ömrümün itər xoş günü,
Dərdim, əzabımın ağır yükünü
Yalnız alar biri, götürər biri...
Qaqra, sentyabr 1965
ADİ GÜNLƏR EŞQİNƏ
Vaxt olur ki, xoş gəlməyir
Ömrümdəki təmtəraqlı günlər mənə.
O gün dingiş bir qız kimi
İfrat gəlir
Ən sevimli güllər mənə.
O gün, mənə
Qonşusunun paltarında toya gedən
Bir adamın yerişini xatırladır.
Kimə isə yandıq verən bir qadının
Gülüşünü xatırladır.
O gün bəzən
Nədənsə mən
madarını dəfn eləyən
Bir ananın kədərini düşünürəm.
Son səfərdə vurulan bir qəhrəmanın
Nakam qalmış zəfərini düşünürəm.
Təriflərdən qaçıb o gün
Tənha gəzmək istəyirəm:
Bir kasıbın süfrəsində
Çörək kəsmək istəyirəm.
Təmənnalı sağlıqların
Yalan qusan qədəhindən
iyrənirəm.
Bəxşiş qapan tamahların
Horralanmış qəhqəhindən
İyrənirəm.
Düzdür, o gün
Bir az çinli adamların
Baxışının buzu olmur.
Kimisinin gülüşü bol,
Gülüşünün duzu olmur.
Toy-bayramda onlar çoxu
Öz qınında mürgüləyər.
Gizli-gizli görüşlərin
Qılığında mürgüləyər.
Nə gizlədim, boyadılmış
Təntənəni, təmtərağı
Seyr etməyə təbim gəlmir.
Bu bəzəkli məclislərə
Qıçım gəlir, qəlbim gəlmir...
Ömrümüzün çox varağı--
adi günlər!
Təntənəsi, təmtərağı--
adi günlər!
Gəlin, bir də öpüm sizi,
Həyatımın əvvəlindən
Sonunacan səpim sizi...
1957.
ETİRAF
Bilmirəm neylədim öz əsrimdə mən,
Neylədim-gələcək nəsil deyəcək.
Bu günün ətrini nəğmələrimdən
Sabaha aparan nəsim deyəcək.
Hünərim çox olub özüm biləni,
Günahım ondan da çox olub hələ.
Bir gödək ömrümdə bir ailəni
Yarıda bilmədim məhəbbətimlə.
Bəzən bir səhvimə yüz tənbeh yedim,
Çırpınıb düzəldim, görən olmadı.
Böyük bir işimə mükafat nədir,
Bir çimdik “sağ ol”da verən olmadı.
Yazmışam hər şeyi könül naməmə,
Bircə bu günahım bağışlanacaq.
Neylədim -- vətəni sevmək naminə,
Ucaltmaq naminə elədim ancaq...
1967.
DÜŞÜNCƏLƏR
Fikirlərim dağınıqdır, dağınıq yaman,
Küləklərə əsir düşən duman kimiyəm.
Min şübhələr, həqiqətlər ünvanı tapan,
Bir ünvanda qərar tutmaz güman kimiyəm.
Elə bil ki, dartır məni yer ayağımdan,
Elə bil ki, hər tükümdən bir daş asılıb.
Hey fikirdir, hey xəyaldır beynimdən yağan,
Yoxsa fikir qucağında qəbrim qazılıb!
Bir xəyanət pərdəsidir ya nədir belə?
Gözlərimin ağı-qara, qarası ağdır.
Məni kimsə qılınclayar dost əlləriylə,
Məni nəsə öz qəlbimdən uçuracaqdır.
Bir sevdadır, bir insandır başımın tacı,
Daş hasarlı ürəklərə girə bilmirəm.
Qandan qaçıb, candan qaçıb, ürəkdən qaçıb
Gözdə gəzən məhəbbəti görə bilmirəm.
Yenə xəyal içindəyəm bir dar otaqda,
Bəlkə mənim “mənsiz keçən” kef-damağım var.
Dağıl, fikrim, nə yaşadım...Hələ qabaqda
Bir ürəyi tufanlara tapşırmağım var...
1965.
BAHAR GƏLİB
Bahar gəlib yurdumuza.
Sular dilli,
Çöllər güləş,
Göylər qızıl.
Təbiətin
nur xonçalı,
Gül qonçalı
Gəlin qızı --
Bahar gəlib.
Duyğulara səhər yeli --
Bahar gəlib.
Səhərlərə duyğu seli --
Bahar gəlib.
Zirvələrin ağ donunun
Saplarını çəkən bahar.
Buludların ətəyini
Üfüqlərin dağ çiyninə
tikən bahar.
Quzulamış ömürləri
Mehvərindən sökən bahar.
Yer üzünə yaşıl toxum
əkən bahar.
Elə bil ki, qəlbimizdə
Fikirlər də,
Sevinclər də,
Gülüşlər də yaşıl donlu.
Yaşıl ağac yanındakı,
Yaşıl yamac yanındakı
Açıq,
Gizli
Görüşlər də yaşıl donlu.
Budaqlarda topa quşlar,
Yaxınlarda, uzaqlarda
Topa quşlar --
Uçan nəğmə topaları.
Dərələrin boğazında
Bir-birini
Qucan nəğmə topaları.
Yeni-yeni təməl daşlı
Ağ binalar --
Şəhərimin göbələyi.
Körpələrin qəhqəhəsi
Bağ-bağatın kəpənəyi.
Kür kükrəyir,
Araz axır --
Düzlərimin nur zolağı.
Göllərimdən günəş doğur,
Çöllərimə günəş yağır.
Elə bil ki, böyüyərək
Muğan olur günəş boyda.
Elə bil ki, kiçiklərək
Günəş olur Muğan boyda.
Azərbaycan torpağı da
cahan boyda.
Bahar gəlib.
Yer üzünün
hələ gizli sazağı var.
Hələ vəhşi dərələrin
Həqiqəti xortumlayıb
Udmağı var.
Bahar gəlib
Zülmətlərə,
Sazaqlara qənim bahar.
Gözəlliyə yasaqlara
qənim bahar.
Yer üzünə
Əbədilik səpiləsi
Yaşıl, mavi dənim bahar.
1968
VƏSİYYƏT
Qara cilddə çap eləyin kitabımı
Məndən sonra.
Qara cilddə.
Tünd qara.
Qoy qara kağızım olsun
O kitab dostlara, tanışlara.
Mən o rəngi sevərdim;
Boynu bükülü dərdim,
Pardaxlı sevincim
O rəngdə geyinərdi
Mən o rəngi sevərdim.
O rəngdəydi varaqlarda
Fikrimin yazı geyimi...
O rəngə hörmətimdir,
Şəvəgözlülər, qarabuğdayılar.
O rəngli kirpiklərin kölgəsində
Əksim yaşardı.
O rəngin bir ev dolusunda
Vəslim yaşardı.
O rəngin ən durusu,
Safıdır
Məni oxşayan ağılar.
Qızlarımın gözündə
O rəngin özü ağlar.
Qara cilddə çap eləyin kitabımı,
Məndən sonra
Tünd qara.
Fəqət soy -- adımı
Süd rəngiylə həkk edin ora.
Daha nə deyim,
Qoy mən
Qara torpaq üstündə
Üfüqə doğru gedən
Ağ yola bənzəyim.
Bakı, fevral 1968